Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş 51-ci beynəlxalq turnir başa çatıb. Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında qadın güləşçilərimizin iştirak etdiyi turnirdə komandamız ümumilikdə 3 qızıl, 2 bürünc medal qazanıb. 51 kq-dakı təmsilçilərimizdən Patimat Baqomedova keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və turnirin baş mükafatını qazanıb. O, ardıcıl olaraq Bolqarıstan, Rumıniya və Türkiyə güləşçilərini məğlub edib. 55 kq çəki dərəcəsində Yarina Dubovska ilk görüşdə Bolqarıstan güləşçisi üzərində qələbə qazanıb. Rumıniya və Moldova güləşçiləri ilə qarşılaşmadan da qalib ayrılan təmsilçimiz turnirin qızıl medalına sahib olub. 59 kq çəkidə mübarizə aparan İrina Netreba ardıcıl olaraq Belarus, Rusiya, finalda isə Bolqarıstan güləşçisi ilə görüşdən qalib ayrılıb və turnirin qızıl medalını qazanıb. Bu çəkidə digər təmsilçimiz Alyona Kolesnik bürünc medal əldə edib. Daha bir bürünc medalı 63 kq-da Anna Belyayeva yığmamızın aktivinə yazdırıb. 67 kq-da təmsilçimiz Natalya Palamarçuk və 72 kq-da mübarizə aparan Səbirə Əliyeva bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər.