"Gracia Cup"da uğurlu çıxış

"Gracia Cup"da uğurlu çıxış

Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə "Gracia Cup" beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycan gimnastları da qüvvələrini sınayıblar. Burada uğurla çıxış edən gimnastlarımız 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.

Komandamızın üzvü Marina Durunda halqa və lentlə çıxışına görə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Gimnastımız çoxnövçülük və topla hərəkətlərdə gümüş, gürzlərlə hərəkətlərdə isə bürünc medala sahib çıxıb. Digər gimnastımız Ayşə Mustafayeva halqalarla hərəkətlərin icrasına görə üçüncü yeri tutub. Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayevadan ibarət yeniyetmələrin qrup komandası finalda beş halqa ilə çıxışa görə gümüş medal qazanıb. 13 yaşlı gimnastımız Jalə Piriyeva 1998-2000-ci illər təvəllüdlü gimnastlar arasında çıxış edərək, halqa ilə hərəkətlərdə dördüncü olub.