Bolqarıstanın paytaxtı Sofiyada parkur üzrə dünya kuboku yarışı keçirilib. İyirmi bir ölkə təmsilçisinin qatıldığı yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri İsrafil Əliyev və Mirəli Miriyev təmsil ediblər. İdmançılarımız “Speed Run” və “Freestyle” proqramında qüvvələrini sınayıblar.
Parkur ölkəmizdə yeni inkişaf edən gimnastika növüdür. 2018-ci ilin dekabrında Bakıda keçirilmiş Beynəlxalq Gimnastika Federasiyasının (FIG) konqresində alınmış qərara əsasən, parkur idman növü rəsmi olaraq FIG-nin fəaliyyətinə daxil edilib. Daha sonra paytaxtımızda bu idman növü üzrə 13 ölkənin iştirakı ilə təqdimat xarakterli kurslar keçirilib. 2019-cu ildə təmsilçilərimizin Fransanın Monpelye şəhərində keçirilən dünya kuboku yarışında ilk dəfə təmsil olunması ilə AGF-in tərkibində parkur idman növü rəsmi olaraq fəaliyyətə başlayıb.