X X X
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar BƏŞİROV dedi:
- Cənab Prezident, hörmətli qonaqlar, hörmətli idmançılar.
Artıq İslam Oyunları tarixə çevrilmişdir. Mən istərdim, bir-iki kəlmə bu oyunlardan danışım.
Birincisi, mən karateni təmsil edirəm. Təbii ki, əsas sözü karatedən demək istərdim. Ancaq, ümumiyyətlə, Azərbaycan komandası bu oyunlarda çox uğurla çıxış etdi, 24 medal qazandı. Bildiyiniz kimi bu medalların altısı qızıldır. Ümumi hesabda 46 dövlət arasında biz yeddinci yerə çıxdıq.
Ümumiyyətlə, çox sevindirici haldır ki, 6 qızıldan üçünü qazanan, yəni himnimizi üç dəfə səsləndirən karateçilərimiz oldu. Bu qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Təbii ki, bizə göstərilən bu qayğının nəticəsidir ki, belə yüksək qələbəyə nail olduq.
Əgər tarixə nəzər salsaq, 1997-ci ildə Siz Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycan idmanı sürətlə inkişaf etmişdir. O vaxt Sizinlə ilk görüşümüz oldu. Siz tövsiyə etdiniz ki, bizim Milli Karate Federasiyası Azərbaycanı Ümumdünya Karate Federasiyasında təmsil etməlidir. İndi bizim Federasiya dünya miqyasında ən qabaqcıl federasiyalardan biridir. Bu gün biz Azərbaycanı layiqincə təmsil edirik. Bundan əvvəlki qələbələrimiz də bu gün qeyd etdiyimiz qələbə də ildən-ilə artan qayğı ilə əlaqədardır. Sizin qayğınızı biz həmişə hiss etmişik. Siz 1999-cu ildə də bizi qəbul etdiniz. Bu çox səmimi bir görüş idi. Təbii ki, hər bir belə görüş bizi ruhlandırır. Bugünkü görüş də bizi yeni qələbələrə ruhlandırır və ona gətirib çıxarır ki, Azərbaycanda doğrudan da idmanın bütün növlərində güclü inkişaf gedir. Artıq bütün dünyada bilirlər ki, Azərbaycan idman dövlətidir.
Təbii ki, cənab Prezident, bu, bir günün işi deyildir. Ulu öndər Heydər Əliyevin başladığı bu işin davamçısı kimi Siz yüksək səviyyədə Azərbaycanı təmsil edirsiniz. Təbii ki, bizim bütün qələbələrimiz Sizin adınızla, göstərdiyiniz qayğı ilə bağlıdır. Təbii ki, bu, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin uğurudur. Yəni, əlbir işin nəticəsidir ki, biz belə gözəl qələbələr qazanırıq.
X X X
- İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan MAMAYEV oyunların idmançılarımız üçün uğurlu olduğunu vurğulayaraq dedi:
- Hörmətli cənab Prezident, hörmətli idman nümayəndələri.
Mən müsəlman ölkələrinin mötəbər idman yarışında - İslam Həmrəyliyi Oyunlarında idmanın karate növü üzrə qızıl medala sahib olmuşam.
Bu gün Sizin qarşınızda çıxış etmək mənim üçün böyük məsuliyyət və şərəfdir. Sevincimin həddi-hüdudu yoxdur.
Biz, idmançılar qazandığımız hər bir qələbəyə görə, cənab Prezident, Sizə minnətdarıq. Məhz Sizin bizə göstərdiyiniz inam, etimad və qayğı nəticəsində biz bunlara nail oluruq. Bu yarışda hər bir idmançı kimi, mənim də qələbə qazanmağımın səbəbkarı ilk növbədə Sizsiniz. Buna görə Sizə böyük minnətdarlığımızı bildiririk. Bu yarışda hər bir idmançımız böyük əzmkarlıq nümayiş etdirdi, 6 qızıl, 9 gümüş, 9 bürünc, ümumilikdə 24 medal qazandıq.
Mən öz adımdan və milli komandamızın adından Sizə böyük minnətdarlığımı bildirirəm.
X X X
İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımızın da uğurla çıxış etdiklərini bildirən taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz ABDULLAYEV dedi:
- Möhtərəm cənab Prezident.
Siz nüfuzlu beynəlxalq yarışlardan dərhal sonra bizi qəbul edirsiniz, bizə diqqətinizi göstərirsiniz. Buna görə də ilk növbədə biz idmançılar, məşqçilər Sizə təşəkkürümüzü bildiririk.
Biz dünən III İslam Həmrəyliyi Oyunlarından qayıtmışıq və bu gün artıq Sizin qəbulunuzdayıq. Biz idmançılar, məşqçilər bunun üçün böyük qürur hissi yaşayırıq.
İslam Oyunlarında taekvondo üzrə Azərbaycanı təmsil etmək biz taekvondoçuların üzərinə düşmüşdü. Çox sevindirici haldır ki, Azərbaycanın medal xəzinəsinə dörd medal məhz taekvondodan gəldi. Bu da bizim məşqçilərimiz, idmançılarımız üçün çox böyük bir şərəfdir, çox böyük bir nəticədir.
Ölkəmizdə idmanın taekvondo növünə böyük maraq vardır. Hazırda Azərbaycanın bütün regionlarında taekvondonun kütləviliyinə nail olunmuşdur. Bu da ilk növbədə, Azərbaycanda məhz idmanın taekvondo növündə infrastrukturun inkişafından xəbər verir. Biz məşqçilər üçün bu oyunlarda qazandığımız nailiyyətlərdən böyük nailiyyət ola bilməz. Siz bu nailiyyətlərimizi bizi bu cür qəbul etməklə qiymətləndirirsiniz. Ümid edirəm ki, taekvondoçularımız gələcəkdə - 2015-ci ildə Avropa Oyunlarında da çox yüksək səviyyədə çıxış edəcəklər.
X X X
Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz HÜSEYNZADƏ çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
İslam Oyunlarında daha bir əlamətdar hadisə baş verdi. Mən onu Sizə məruzə etmək istəyirəm . Sentyabrın 25-də "Bakı-2017”nin təqdimat günü keçirildi. Bizim idmançıların hamısı orada iştirak edirdilər. 250 qonağın toplandığı bu tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının rəhbərliyi, yerli hökumət nümayəndələri, bu oyunlarda iştirak edən bütün Olimpiya komitələrinin rəhbərləri və bu oyunlara qonaq gəlmiş səfirlər iştirak edirdilər. Sizi əmin etmək istəyirəm ki, yüksək səviyyədə keçirilən bu tədbirdə Sizin müraciətiniz hamıda çox böyük ruh yüksəkliyi yaratdı. Mən deyərdim ki, bütün qonaqlar bu tədbirə və məhz Sizin müraciətinizə çox böyük diqqətlə yanaşdılar. Bu uğur Azərbaycanın növbəti uğurlarından biri oldu. Bu görüş, Sizin müraciətiniz bizim bütün idmançıları çox böyük qələbələrə ruhlandırdı. Ondan sonra bir sıra qızıl medallarımız və başqa medallarımız da artdı. Sizə bir daha təşəkkür edirəm.
X X X
Görüşə yekun vuran Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun. Bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Bugünkü görüşdə orta nəslin və gənc nəslin nümayəndələri toplaşmışdır. Bu da hesab edirəm ki, çox rəmzi məna daşıyır. Çünki ardıcıllıq davam etdirilir.
Bu gün ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar orta nəsildən öyrənib öz peşəkarlığını idman meydançalarında nümayiş etdirirlər. Eyni zamanda, sizin uğurlarınıza sevinən gənc nəsil, uşaqlar, yeniyetmələr də televizordan, mətbuatdan sizin çıxışlarınızı izləyirlər. Sizin qələbələriniz onlar üçün də həm böyük bir sevincdir, eyni zamanda, onları da sizin kimi idmanla məşğul olmaq üçün idman meydançalarına, idman bölmələrinə aparan bir amildir. Bu ardıcıllıq Azərbaycanda vardır. Uşaq idmanı, yeniyetmə idmanı olmadan ölkənin idmanı inkişaf edə bilməz.
Mən çox şadam ki, Azərbaycanda uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər, idmanla məşğul olurlar. Bax, dediyim kimi, 40 regional Olimpiya Mərkəzində məşğul olanların arasında kifayət qədər çox uşaq vardır. Beləliklə, biz idmanın kütləviliyini, eyni zamanda, gənc nəslin sağlamlığını təmin edirik və gələcək uğurlarımızı şərtləndiririk. Bu ardıcıllıq davam etməlidir və artıq əminəm ki, davam edəcəkdir.
Bir məsələ də diqqəti çəkir ki, bu gün bizim bütün idmançılarımız müstəqillik dövründə boya-başa çatmış və idmançı olmuşlar. Azərbaycan tarixində Azərbaycan idmanı heç vaxt indiki qədər güclü olmamışdır. Əvvəlki dövrlərdə, - indi orta nəslin nümayəndələri - məşqçilər, idman mütəxəssisləri bunu yaxşı xatırlayır, - Sovet İttifaqı dövründə Azərbaycanda əlbəttə ki, idman inkişaf edirdi, ancaq bizim uğurlarımız o qədər də böyük deyildi. Sovet yığma komandasına düşmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, müstəqillik dövründə biz dünya miqyasında Yay Olimpiya Oyunlarında 30-cu yerdəyik. Dünyada 200-dən yuxarı ölkə vardır. Keçən Olimpiya Oyunlarında təqribən 200-ə yaxın ölkə təmsil olunmuşdu. Bu ölkələr arasında 30-cu yerə nail olmaq tarixi qələbədir.
Bu, bir daha müstəqilliyin üstünlüklərini göstərir. Gənc nəsil, bizim idmançıların bir çoxu müstəqillik dövründə dünyaya gəlmişdir, bəzilərinin isə müstəqillik bərpa olunanda 3-4 yaşı var idi, o illəri xatırlamırlar. Onlar müstəqillik dövründə formalaşıblar. Müqayisə aparmaq üçün bunlarda bizim qədər təbii ki, imkan yoxdur. Amma biz - orta nəslin nümayəndələri yaxşı bilirik və görürük ki, müstəqilliyin nə qədər böyük üstünlükləri vardır. Azərbaycan xalqı azad xalqdır, dövlətimiz müstəqil dövlətdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik arzuları ilə yaşamışdır və bizim nəsil xoşbəxtdir ki, payımıza müstəqillik dövründə yaşamaq düşübdür.
Müstəqilliyi möhkəmləndirmək, ölkəmizi gücləndirmək üçün hər bir vətəndaş çalışmalıdır. Hər bir insan öz sahəsində müstəqilliyə töhfəsini verməlidir. Siyasətçilər, iş adamları, bütün vətəndaşlar, idmançılar – biz hamımız bir məqsədə qulluq edirik ki, ölkəmiz daha da güclənsin, daha da inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar. Əlbəttə ki, Azərbaycanı dünyada daha da yaxından tanısınlar.
Ölkəni tanıtdırmaq üçün məncə, idman kimi ikinci universal vasitə yoxdur. İdman və mədəniyyət. Ancaq idmanda uğurlar daha da özünü dolğun şəkildə büruzə verir. Çünki burada birinci, ikinci yerlər, medallar vardır. Hesab edirəm ki, idman uğurları, o cümlədən ölkəmizi dünyaya müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edir. Əlbəttə ki, burada əsas rolu oynayan bizim idmançılarımızdır. Dövlət siyasəti, idmana rəhbərlik edən qurumlar, məşqçilər, əlbəttə ki, onların fəaliyyəti çox vacibdir. Ancaq son sözü tatamidə, rinqdə, başqa meydançalarda idmançı deyir və bütün xalqı sevindirir.
Bu gün biz haqlı olaraq fəxr edə bilərik ki, gözəl idmançılarımız, güclü idmanımız vardır. İdmançılar, eyni zamanda, həyatda öz davranışı, öz hərəkətləri, Vətənə olan bağlılığı ilə gənc nəslə, uşaqlara örnəkdir, nümunədir. Mən çox şadam ki, idmançılarımızın mütləq əksəriyyəti həyatda, məişətdə, cəmiyyətdə gündəlik fəaliyyətdə vətənpərvər, təvazökar, mədəni insanlar kimi öz işini davam etdirirlər. Hesab edirəm ki, bu, bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhətlərdən biridir. İdmançı Azərbaycanda çox şərəfli addır. Cəmiyyətdə idmançılara çox böyük rəğbət, hörmət vardır, o cümlədən ona görə ki, idmançılar cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar.
Mən əminəm ki, bu gün sizdən nümunə götürən uşaqlar, yeniyetmələr gələcəyin çempionları olacaqlar və Azərbaycanı uğurla təmsil edən gənc nəsil də 5-10 ildən sonra sizin qədər dəyərli idmançılara çevriləcəklər.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.