“İdmançılarımızın hər bir uğuru məni sevindirdi”

“İdmançılarımızın hər bir uğuru məni sevindirdi”

İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın nümayiş etdirdikləri yüksək səviyyəli çıxışlar alqışalayiqdir. Onlar bununla sübut etdilər ki, Azərbaycan güclü və qabiliyyətli atletlərin vətənidir.
Azərbaycan beynəlxalq miqyaslı yarışlarda təkcə idmançıları ilə deyil, həm də güclü mütəxəssilər, məşqçiləri və hakimləri ilə tanınır. Ölkəmizi dünyanın mötəbər idman yarışlarında təmsil edən hakimlərimiz də az deyil. İdman aləmində qazandığımız nüfuz bu sayı qısa zaman ərzində xeyli artırıb.
Azərbaycanı beynəlxalq idman tədbirlərində layiqincə təmsil edən hakimlərimizdən biri də Vahid Nəzərovdur.
Ağırlıqqaldırma üzrə keçirilən nüfuzlu yarışlarda iştirak edən Vahid Nəzərov bugünlərdə Palembanqda keçirilən III İslam Həmrəyliyi Oyunlarında ədalət təmsilçisi olub. Hakimimiz həmin yarışda ağırlıqqaldırma üzrə yarışlara nəzarət edib. Vahid müəllim yarışla bağlı bunları dedi: "III İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma yarışlarını idarə edən hakimlərdən biri də mən idim. Yarışlar gərgin və maraqlı keçdi. Təşkilatçılığı qənaətbəxş saymaq olar. Azərbaycanlı ağırlıqqaldıranlarımızın çıxışları barəsində onu deyə bilərəm ki, nəticə gözlənildiyi kimi oldu. Heyətdə güclü idmançılarımız yer almışdı. Qızıl medalların sayı daha çox ola bilərdi. Amma rəqiblər də zəif deyildilər. İdmançılarımızın hər bir uğuru məni sevindirdi. Qeyd edim ki, bu yarışdan sonra daha bir mötəbər idman tədbirinə dəvət almışam. Bunun üçün Polşanın Vrotslav şəhərinə yola düşəcəyəm. Noyabrın 20-dən 27-nə qədər keçiriləcək dünya çempionatında hakimlik edəcəyəm”.
Vahid Nəzərovdan aldığımız məlumata görə, o, ikinci dəfədir ki, islam ölkələrinin idmançılarının iştirak etdiyi yarışlarda hakimlik edir. Buna qədər, o, 2012-ci ildə Səudiyyə Ərəbistanının Dammam şəhərində islam ölkələri arasında keçirilən ağırlıqqaldırma yarışlarında ədalət təmsilçisi olub.
Xatırladaq ki, Olimpiya kateqoriyalı hakimimiz dünya, Avropa çempionatlarında və Olimpiya oyunlarında ölkəmizi hakim qismində təmsil edib.