FİLA prezidenti istefaya göndərildi

FİLA prezidenti istefaya göndərildi

Buyaxınlarda mətbuata müsahibə verən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqq Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti ilə görüşəcəyini bildirmişdi. BOK prezidenti Martinetti ilə görüşdə həm də güləş idman növünün 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarının proqramından çıxarılması barədə BOK İcraiyyə Komitəsinin qərarını da müzakirə edəcəyini açıqlamışdı: "Düzü, FİLA prezidenti bu qərarı təəccüblə qarşıladığını bildirdi. Martinetti söz verdi ki, nöqsanları aradan qaldıracaq və onlar Olimpiada-2020-nin proqramında yer almaq üçün mübarizə aparacaqlar”. Jak Roqq daha sonra FİLA prezidenti ilə görüşdə bu mübarizənin yollarını müzakirə edəcəklərini demişdi. Amma baş verən hadisə bu görüşü və müzakirələri təxirə salıb. 
Bugünlərdə FİLA-nın Tailandda keçirilən Bürosunda Martinetti istefaya göndərilib və ona BOK prezidenti ilə görüşmək və nəyi isə müzakirə etmək nəsib olmayıb. FİLA-nın Büro üzvləri Martinettiyə: "Beynəlxalq Olimpiya Komitəsinin güləşi Olimpiya proqramından çıxarmağa nə vadar edib?” sualı ilə birbaşa müraciət ediblər. Martinetti inandırıcı cavab verə bilmədiyi üçün iclas zalını tərk edib. Bu zaman FSBR-in prezidenti Mixail Mamiaşvili FİLA prezidentinə etimadsızlıq göstərilməsi barədə məsələ qaldırıb və səsvermənin nəticələrinə görə (11:10), Martinetti istefaya göndərilib.
Mətbuata müsahibə verən BOK prezidenti Jak Roqq daha sonra güləşin Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının proqramında təmsil olunacağını xatırladaraq, idmançıları ruhdan düşməməyə çağırıb. O, bununla bağlı deyib: "Mən BOK İcraiyyə Komitəsindəki səsvermənin nəticələrinin güləş idman növünün pərəstişkarları tərəfindən tənqidlə qarşılanacağını bilirdim. Lakin sizə bildirim ki, hər şey ədalət prinsiplərinə söykənir. Səsvermənin nəticələrinə görə, 7 idman növündən biri Olimpiya oyunlarının proqramına daxil ediləcək”.
Qeyd edək ki, güləş idman növü 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarının proqramında yer almaq üçün beysbol, karate, rolikli idman, skvoş, idman dırmanması, veykbordinq və uşu idman növləri ilə mübarizə aparmalı olacaq. Bu idman növlərinin müzakirəyə çıxarılmasına BOK İcraiyyə Komitəsinin may ayında Sankt-Peterburqda (Rusiya) təşkil edilən ilcasında baxılacaq. Məsələ ilə bağlı yekun qərar isə bu ilin sentyabrında BOK-un Buenos-Ayres (Argentina) sessiyasında veriləcək.
Qeyd edək ki, FİLA-nın Tailandda keçirilən Bürosunda həm də növbədənkənar hesabat-seçki konqresinin vaxtı müəyyənləşib. Konqresin aprelin sonları-mayın əvvələrində Moskvada təşkil edilməsi planlaşdırılır. Büro, Mamiaşvilinin təklifi ilə, əfsanəvi güləşçi, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelini FİLA Bürosuna daxil edilib.
FİLA Bürosu FSBR-in hazırladığı böhran qrupu layihəsini də təsdiqləyib. Böhran qrupu güləşin 2015-ci ilədək inkişaf strategiyasının hazırlanmasını, nəhəng marketinq şirkətləri ilə əlaqələri və BOK-un may ayında Sankt-Peterburq şəhərində keçirilən iclasında güləşin təqdimatını hazırlamağı öz üzərinə götürüb.