Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir başa çatıb.
Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığma komandamızın altı üzvü təmsil edib. Güləşçilərimiz turniri iki gümüş və bir bürünc medalla başa vurublar. 84 kiloqram çəki dərəcəsində mübarizə aparan İlya Xamikoyev turnirin gümüş medalına sahib olub. Eyni çəkidə digər təmsilçimiz İbrahim Yusubov isə bürünc medal qazanıb.
Daha bir gümüş medalı yığmamıza Aslanbek Alborov qazandırıb. Finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici görüşdə Rusiya güləşçisi Şamil Əhmədova uduzub.
Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə qatılan Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq) və Aslan Dzebişov (120 kq) isə mükafatçılar sırasına düşə bilməyiblər.