Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb


Qəbələdə şəhər 3 saylı tam orta məktəbdə XI sinif şagirdləri arasında payız çağrışına həsr edilmiş "Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi yarışı keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda əsas məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, vətənpərvərlik hisslərini gücləndirmək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaq məqsədi daşıyıb.
Şəhərdəki 3 saylı tam orta məktəbdə təşkil edilən tədbirin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb.
Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən idmanın 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbaraatma növləri üzrə keçirilən yarışda rayonun orta məktəblərindən 15 komanda qüvvəsini sınayıb. Ən çox xal toplayan Zarağan kənd orta məktəbinin komandası I yerə layiq görülüb. Qəbələ şəhər 4 saylı orta məktəbin komandası ikinci, Soltannuxa kənd orta məktəbinin komandası isə III yeri tutub. Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları təltif olunublar.