Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün ikinci seminar təşkil olunub. Seminarın birinci günündə nəzəri hissəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunub.
Seminara ilk dəfə 40-a yaxın şəhər və rayondan 200-ə yaxın üzgüçülük üzrə məşqçı qatılıb.
Seminarın treneri beynəlxalq dərəcəli məşqçi, federasiyanın idman direktoru İvan Petrov olub.
Məşqçilər üçün ilk gündə brass və baterfay üzmə üsulları ilə bağlı mühazirə keçirilib. Məşqçilər bu üsulların tədris olunması yollarının nəzəri biliklər tədris olunub.
İvan Petrov bildirib ki, belə seminarlar Azərbaycanda üzgüçülük sahəsində məşqçilik edən mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeni və müasir tədris metodlarının aşılanması baxımından çox önəmlidir. “Biz Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə ölkədə bu sahədə çalışan məşqçilərin daha da təkmilləşdirilməsi istiqamətində işlərimizi bundan sonra da davam etdirəcəyik. Treninqlərin məqsədi budur. Məşqçilərin ixtisaslaşmaları artdıqca onlar yerlərdə qabiliyyətli və bacarıqlı idmançıların aşkarlanmasında və onların milli komandalar üçün yetişdirilmələrində töhfələrini verəcəklər. Hazırda Azərbaycanda su idman növləri üzrə yeni gənc nəsil yetişməkdədir. Bunlara Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah və digərlərini misal göstərmək olar. Amma ümid edirəm ki, Azərbaycanın ayrı-ayrı bölgələrində, şəhər və rayonlarında bu idmançılar kimi bacarıqlı uşaqlar var. Onların aşkarlanması və üzə çıxarılması üçün bacarıqlı, müasir biliklərə malik məşqçilərin olması vacibdir. Biz də işimizi bu istiqamətdə qurmuşuq”, - deyə İvan Petrov əlavə edib.
Seminarın ikinci günündə praktik məşğələlər Bakı Su İdman Sarayında davam etdirilib. Burada trenerlər İvan Petrov və üzgüçülük üzrə milli komandanın məşqçisi, bir zamanlar peşəkar üzgüçü olmuş Daniel Dudaşın iştirakı ilə su hovuzunda ötən gün tədris olunan nəzəriyyələrin praktik tətbiqi məşqçilərin diqqətinə çatdırılıb.
Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən Olimpiya komplekslərinin 95 faizində üzgüçülük hovuzları var. Həmin idman komplekslərində çalışan məşqçilər üçün belə seminarların təşkili yaxın zamanlarda bəhrəsini verəcək.
Millinin baş məşqçisi əlavə edib: “Belə treninqlərdə iştirak edən məşqçilər daha da inkişaf edirlər. Seminarlarda mühazirələrdən sonra sorğu suallar edilir. Məşqçilər üzgüçülük sahəsindəki yenilikləri mənimsəyirlər. Ümidvaram ki, burada öyrəndiklərini məşqçilərimiz yerlərdə tələbələri ilə birgə tədris edəcəklər”.
İki gün davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.