Oktyabrın 11-13-də Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi keçiriləcək. Olimpnews.az-ın məlumatına görə, oktyabrın 14-15-də isə gənc güləşçilər "Hünər meydanı” Respublika seçim turnirində qüvvələri sınayacaqlar.Yeniyetmələr arasında keçirilən yarışda 1997-1998-ci illər, gənclərin yarışında isə 1994-1996-cı illlər təvəllüdlü güləşçilər mübarizə aparacaqlar. Yarışların proqramına əsasən, turnirin rəsmi açılış mərasimi oktyabrın 11-də keçiriləcək.
Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcəklər. İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.