Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının 15 idmançısı və 3 məşqçi-müəllimi Naxçıvanda olub. İdmançı və məşqçilər Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin Naxçıvan şəhər və Şərur rayonunda yerləşən bölmələrində olub, idmançı və məşqçilərlə görüş keçiriblər. Görüş zamanı vurğulanıb ki, bədii gimnastika ilə məşğul olan uşaqlarla təcrübəli idmançıların, məşqçilərin görüşü onlar üçün böyük stimuldur.
Qonaqlar məşq proseslərini izləyib, uşaqlara tövsiyələr veriblər. Sonra 2022-ci ilin dekabr ayında Şəki şəhərində keçiriləcək bədii gimnastika üzrə Azərbaycan birinciliyində mübarizə aparacaq Naxçıvan Muxtar Respublika yığma komandasının nümunəvi çıxışlarına baxılıb. Qonaqlar hər iki bölmədə məşğul olan gimnastlara idman avadanlıqları hədiyyə ediblər.
Üçgünlük səfər çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının üzvləri Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.
Qeyd edək ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları mütəmadi olaraq tədbirlər, seminarlar, təlim-məşq toplanışları təşkil edir. Dövlət Proqramının icrası yönündə görülən işlərdən biri də təcrübəli məşqçi-müəllimlərin və tanınmış idmançıların muxtar respublikaya dəvət olunmasıdır. Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası da bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.