Qadınların yarışında üçhakimiyyətlik yaranıb

Qadınların yarışında üçhakimiyyətlik yaranıb

Ötən həftə otüstü hokkey üzrə ölkə çempionatları və birinciliklərində növbəti turların oyunları keçirilib. Yüksək dəstədə yarışan kişilərdən ibarət komandaların yarışında "Olimp” (Masallı) və "Astara” qarşılaşıblar. Masallı şəhər stadionunda keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. B qrupunda V-VIII yerlər uğrunda yarışan "Xəzər” (Lənkəran) və "Göytəpə” (Cəlilabad) oyununda isə cənub təmsilçiləri qələbə qazanıblar -1:0.
18 yaşlılar arasında mükafatlar uğrunda mübarizə aparan "Atasport” - "Binə” və "Təhsil” (Sumqayıt) qarşılaşmasında Binə hokkeyçiləri rəqiblərini 4:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib. "Təhsil” və "Olimp” komandaları rəqiblərinə nisbətən 1 oyun az keçirərək (həmin görüş oktyabrın 20-də baş tutacaq), 3 xalla müvafiq olaraq, II və III yerləri bölüşürlər. Astara hokkeyçiləri isə ilk 3 oyunda məğlub olaraq hələlik xal qazana bilməyiblər.
B qrupunda "Gəncə” və "Şəki " komandalarının oyununda hesab açılmayıb. V-VIII yerlər uğrunda mübarizədə Gəncə təmsilçiləri 6 xalla birinci yerdədir. "Xəzər” (Lənkəran) və "Şəki” komandaları 4 xalla 2-ci və 3-cü sıradadırlar. "Göytəpə” komandası isə 3 xalla qrupun sonuncu pilləsində yer alıb. Qadınlar arasında keçirilən "Sumqayıt” və "Atasport-2” görüşündə "Atasport-2” klubu sumqayıtlıları 8:1 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Amaliya Həsənova (3), Sevil Sultanova (2), Emilya Həsənova, Səbinə Ağayeva və Gülüm Rüstəmova fərqləniblər. Sumqayıt komandasının heyətində təsəlli qolunu isə Lalə Abbasova vurub. Qeyd edək ki, sumqayıtlı qızlar cari çempionatda nəhayət ki, 9-cu oyundan sonra qol vurmağa müvəffəq olublar. "Samur” (Qusar) və "Bakı” qarşılaşmasında Qusar hokkeyçiləri birinci hissədə 2 dəfə hesabda irəli çıxsalar da, yekunda fasiləyə məğlubiyyətlə yollanıblar -2:3. Qarşılaşmanın ikinci hissəsində ölkə çempionu daha yaxşı oyun göstərərək, "Samur” komandasının qapısından 6 top keçirib. 9:3 hesabı ilə qalib gələn komandanın heyətində qolların 4-nü Nərgiz Novruzova, 3-nü Xalidə Zeynalova rəqib qapısında keçirib. Digər 2 qol isə Rəna Mehdiyevanın aktivinə yazılıb. Qusarlıların heyətində Kəmalə Qazıxanova 2, Günay İsmayılova isə 1 dəfə fərqlənib.
Qadınların mübarizəsində 4 iştirakçıdan 3-ü 18 xalla turnir cədvəlinin ilk pillələrində qərarlaşıblar. Topların daha yaxşı fərqinə görə "Bakı” cədvələ başçılıq edir. "Atasport-2” ikinci, "Samur” isə üçüncü yeri tutur. Keçirdiyi 9 görüşdən hələ ki, məğlubiyyətlə ayrılan "Sumqayıt” komandası sonuncu yerlə kifayətlənir.
A qrupunda mükafatlar uğrunda yarışan 15 yaşınadək oğlanların ölkə birinciliyi isə oktyabrın 6-da keçirilib. Bu turda Sumqayıtın "Akkord” komandası "Təhsil” (Bakı) hokkeyçilərinə qələbə üçün imkan verməyib- 3:0. "Atasport-Binə” və "Şahdağ” (Qusar) oyununda paytaxt təmsilçiləri fərqləniblər -2:1.
Keçirilən görüşlərdən sonra "Akkord” komandası 3 oyundan 9 xalla A qrupunun vahid lideridir. "Atasport-Binə” 4 xalla ikinci pillədədir. Sonrakı yerlərdə qərarlaşan "Təhsil” (Bakı) 2 ,”Şahdağ” (Qusar) isə 1 xal toplayıblar. V-VIII yerlər uğrunda keçirilən "Olimp” - "Şəki” və "Şəmkir” - "Gəncə” görüşlərində qapıçılar qol vurulmasına imkan verməyiblər. Bu nəticələrdən sonra "Gəncə” komandası B qrupunda 2 oyundan 4 xalla birinci yeri tutur. "Şəki” və "Şəmkir” hərəyə 2 xal toplayaraq ilk üçlükdə qərarlaşıblar. Masallının "Olimp”komandası sonuncu yeri tutur. Cənub hokkeyçilərinin aktivində 1 xal var.
Məlumat üçün qeyd edək ki, ölkə çempionatlarında və birinciliklərində növbəti oyunlar oktyabrın 11-dən 13-nə qədər keçiriləcək.