Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçirildi

Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçirildi
Oktyabrın 4-də Respublika Olimpiya İdman Liseyində (ROİL) Azərbaycanda Avropa Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbir keçirildi. Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun sədri Xəzər İsayev, məsul katibi Səlhət Abbasova, Respublika Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov, Olimpiya çempionları Lyudmila Şubina, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Olimpiya mükafatçıları Vitali Rəhimov, Rövşən Bayramov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Vüqar Əhmədov, Azərbaycan Güləş Federasiyasının (AGF)  baş katibi Əjdər Cəfərov, vitse-prezidentlər Cavanşir Qurbanov, Elçin Cəfərov, liseyin müəllimləri və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirin açılış mərasimində çıxış edən liseyin direktoru Rasim Muradov Azərbaycanda Avropa Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbirin bu təhsil ocağında keçirilməsinin təsadüfi olmadığını bildirdi. O, son illər Avropa, dünya və Olimpiya yarışlarında bayrağımızı ucaldan və dövlət himnimizin səsləndirilməsinə nail olan idmançıların əksəriyyətinin məhz bu idman liseyinin yetirmələri olduğunu qeyd etdi. O, dedi: "1964-cü ildən təsis olunmuş bu məktəbdə Azərbaycan idmanını layiqincə təmsil edən idmançılar yetişib. Azərbaycan idmanının ötən 50 ilini bu məktəbsiz təsəvvür etmək mümkün deyil. Respublika Olimpiya İdman Liseyi ölkə idmanına 5 Olimpiya çempionu, dünya və Avropa çempionları bəxş edib. 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibləri - yunan-Roma güləşçisi Kamandar Məcidov, qılıncoynadan Boris Koretski, 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarının çempionları - cüdoçu Nazim Hüseynov, gimnast Valeri Belenki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli və digərləri bu liseyin yetirmələridir”.
Daha sonra Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev çıxış etdi.
O, çıxışında üzvü olduğumuz təşkilat barəsində məlumat verdi. O, qeyd etdi ki, Avropa Ədalətli Oyunlar Hərəkatı 1994-cü ildə İsveçrənin Sürix şəhərində yaradılıb. Hərəkatın yaradılmasında əsas məqsəd idmanda və gündəlik həyatımızda ədalət prinsiplərini təbliğ etmək, idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrı-seçkiyə yol verməməkdən ibarətdir. İdmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları obyektiv cəzalandırmaq, bir sözlə, ədalətin bərqərar olunmasına çalışmaq da hərəkatın prinsiplərinə daxildir. "Azərbaycan 1998-ci ildən Avropa Ədalətli Oyunlar Hərəkatının üzvüdür. Həmin dövrdən başlayaraq Azərbaycan Avropanın ən tanınmış dövlətləri arasında nüfuzlu yer tutur. Hazırda Avropa Ədalətli Oyunlar Hərəkatını 42 dövlət təmsil edir. Ədalətli Oyunlar Hərəkatının XV konqresi 2009-cu ildə Azərbaycanda təşkil olunmuşdu. Həmin konqresdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə Avropa Ədalətli Oyunlar Hərəkatının ali mükafatı - "Şərəf” nişanı təqdim olunmuşdu. Bu da Azərbaycan idmanına göstərilən diqqətdən, ən böyük tərəqqisindən irəli gələn məsələlərdən biridir. Ölkəmizdə bir sıra idmançıların və mütəxəssislərin "Şöhrət” ordeni, "Tərəqqi” medalı ilə təltif olunması bu sahədə görülən işin uğurlarından xəbər verir. Yaxın zamanlarda bölgələrdə də Avropa Ədalətli Oyunlar Hərəkatının təbliğinə həsr olunmuş tədbirlər keçiriləcək”, - deyə Xəzər İsayev bildirdi.
Azərbaycan idmanının inkişafından danışan Xəzər müəllim bildirdi ki, bu gun Azərbaycanda idmanın inikşafına böyük diqqət və qayğı ilə yanaşılır. Bunun nəticəsidir ki, idmançılarımız onlara bəslənilən ümidləri doğruldurlar: "Azərbaycan qısa zaman ərzində böyük və qabaqcıl idman ölkələri sırasında yer alıb. Ölkəmiz beynəlxalq idman qurumları arasında böyük nüfuza və etibara yiyələnib. Ölkəmizdə idmanın inkişafı üçün bütün şərait var. Azərbaycanın müxtəlif şəhər və rayonlarında Olimpiya İdman Kompleksləri tikilib və tikilməkdədir. Bu, özü də böyük ədalətdən xəbər verir. Çünki, həmin idman qurğularının yerləşdiyi şəhər və rayonlarda insanlar idmanla məşğul olur, sağlamlıqlarını düşünürlər”.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Vüqar Əhmədov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı. O, dedi: "Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız da onlar üçün yaradılan imkandan istifadə edərək ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. İdmançılarımızın qazandıqları nəticələrin qiymətləndirilməsi dövətin əsas məsələlərindən biridir. Sevindiricidir ki, bu yaxınlarda İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında atletlərimiz 24 medal (6 qızıl, 9 gümüş, 9 bürünc) qazandılar. Əldə olunan bu uğurlu nailiyyət ölkəmizi dünya ölkələri arasında idman ölkəsi kimi tanıtmağa əsas verir”. Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin məsul işçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev Ədalətli Oyunlar Hərəkatından bəhs etdi. O, dedi: "Bu gün Ədalətli Oyunlar Hərəkatı cəmiyyətdə tez-tez səslənən bir ifadəyə çevrilib. İdman sahəsində ədalət deyəndə, təkcə hakim ədalətsizliyi nəzərdə tutulmur. Ədalətli Oyunlar Hərəkatı özündə bütün insani dəyərləri birləşdirir. İdmanda Ədalətli Oyunlar Hərəkatının bu cür səviyyədə inkişafı insanların idmana olan marağı ilə bağlıdır. İdmanda ən böyük ədalətsizlik bəzi atletlərin dopinq qəbul etməsidir. Dopinqdən istifadə edən idmançı özünün və rəqibinin karyerasına ağır zərbə vurur. Hər bir idmançı ilk növbədə azarkeşlər və rəqibi qarşısında özünün məsuliyyətini dərk etməlidir. Yalnız bundan sonra Ədalətli Oyunlar Hərəkatının böyük uğurlarından danışmaq olar. Bu gün ölkəmiz müxtəlif idman tədbirlərinə ev sahibliyi edir. Digər ölkələrə nisbətən Respublikamızda belə yarışların keçirilməsi biznes maraqlarından çox idmanın, Olimpiya Hərəkatının inkişafına xidmət edir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan idman ölkəsi olaraq eyni zamanda idmana, idmançılara və Olimpiya Hərəkatına ədalətli mövqedən yanaşır.
Bildiyiniz kimi sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları keçirildi. Yarışda ölkəmizi təmsil edən atletlərimiz 24 medal qazanaraq komanda hesabında 7-ci yerə layiq görüldülər. İdmançılarımızın bu uğuru Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi.
Atletlərimizin qazandığı bu uğurlar Azərbaycan idmanının tarixə yazılan şanlı səhifələrindən biridir”.
Tədbirdə çıxış edən Olimpiya çempionu Elnur Məmmədli müəllimlər günü münasibəti ilə tədbirdə iştirak edən müəllimləri təbrik etdi. "Bu liseyə gələndə uşaqlıq illərim yadıma düşür. Mən də bu məktəbin yetirməsi olmuşam. Bunun üçün də qürur hiss keçirirəm. Mənim Olimpiya çempionu olmağımda bu liseyin müəllimlərinin də böyük rolu var. Bunun üçün də onlara təşəkkürlərimi bildirirəm. Müəllimlər günü münasibəti ilə bütün müəllimləri təbrik edirəm. Qeyd edim ki, Respublika Olimpiya İdman Liseyində 5 Olimpiya çempionu var. İnanıram ki, bu nəticə gələcəkdə daha da artacaq”.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov bu tədbirin keçirilməsi üçün Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevə minnətdarlığını bildirdi: "İnanıram ki, Ədalətli Oyunlar Komissiyası bütün yarışlarda ədalətin qorunub saxlanılmasında və bərqərar olunmasında öz rolunu oynayacaq. Fikrimcə, ədalət təkcə idman sahəsində deyil, bütün sahələrdə olmalıdır. Nə qədər Ədalətli Oyunlar Komissiyası Azərbaycan idmanında fəaliyyət göstərir ədalət də həmişə idmanda qorunub, saxlanılacaq.
Məlumat üçün bildirim ki, mən də bu liseyin tələbəsi olmuşam. Üzərimdə əməyi olan hər bir müəllimə təşəkkürümü bildirirəm. Bütün müəllimlərimi bu əlamətdar gün münasibəti ilə təbrik edirəm”.
Tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov da çıxış edərək, ürək sözlərini bildirdi. "Bu tədbirin keçirilməsi ən vacib məsələlərdən biridir. İnanıram ki, belə bir görüşlər gələcəkdə bölgələrdə də təşkil olunacaq. Hər insanın əməyinə verilən qiymət onun gələcəkdə işinin yaxşı qurmasına və məsuliyyətlə yanaşmasına təkan verir. Tədbirin Respublika Olimpiya İdman Liseyində keçirilməsinin böyük əhəmiyyəti var. Burada bizim üzərimizdə əməyi olan müəllimləri görmək bizim üçün sevindiricidir. Liseydə fəaliyyət göstərən qocaman müəllimlərdən biri olan Oktay müəllimin əməyini xüsusi qeyd etmək lazımdır. Bu ocaq təkcə idmançıların deyil, adlı-sanlı şəxslərin yetişməsində də böyük rol oynayıb. Bunun üçün də bu gün bu məktəbdə çalışan müəllimləri peşə bayramları münasibəti ilə təbrik edirəm”, - deyə Cavanşir Qurbanov qeyd etdi.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov Respublika Olimpiya İdman Liseyinin ölkə idmanında əldə etdiyi uğurlardan söz açdı. O, qeyd etdi ki, bu uğurların qazanılmasının əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana, idmançılara göstərdiyi diqqət və qayğı dayanır. "Cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə edirlər. Respublika Olimpiya İdman Liseyinin Ədalətli Oyunlar Komissiyası tərəfindən mükafatlandırılması bu məktəbin uğurlarından xəbər verir”, - deyə Əjdər Cəfərov çıxışında vurğuladı.
Tədbirdə iştirak edən beynəlxalq dərəcəli hakim Hicran Şərifov da bu görüşün təşkilinə görə Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevə öz minnətdarlığını bildirdi. O, Azərbaycanda Ədalətli Oyunlar Komissiyası yaradıldıqdan sonra bu sahədə olan problemlərin aradan qaldırılıdığını vurğuladı: "Bu qurum yaradıldığı gündən əməli fəaliyyət başladı. Qısa zaman ərzində idmançılar arasında olan mehriban münasibət daha da möhkəmləndi. İnanıram ki, bu komissiya gələcəkdə də öz işini uğurla davam etdirəcək. Hər bir idmançı gələcək yarışlarda ədalətlə mübarizə aparacaq. Fürsətdən istifadə edib, bütün müəllimləri peşə bayramları münasibəti ilə təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Sonda söz Ədalətli Oyunlar Komisiyasının məsul katibi Səlhət Abbasovaya verildi. Səlhət xanım qonaqları salamlayaraq, dedi: "Azərbayan idmançıları hər bir yarışda etik dəyərlərə hörmətlə yanaşır, ədalət prinsiplərinə riayət edirlər. Bu da Azərbaycanda Ədalətli Oyunlar Komissiyasının gördüyü uğurlu işlərin məntiqi nəticəsidir. Respublika Olimpiya İdman Liseyinin 50 illik fəaliyyəti dövründə tanınmış idmançılar, məşqçilər və idman mütəxəssisləri yetişib. Bu tanınmış idmançıların üzə çıxmasında liseyin müəllimlərinin xidmətləri danılmazdır. Bu tədbirin müəllimlər günü ərəfəsində keçirilməsi böyük hadisədir. Bu liseydə çalışan bütün müəllimləri bayram münasibəti ilə təbrik edirəm”.

Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Ədalətli Oyunlar Komissiyası tərəfindən ROİL-in fəaliyyəti dövründə fərqlənən idman mütəxəssislərinə, idmançılara, məşqçilərə və fəxri qonaqlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olundu.




"İdmançılarımız üçün yaradılan yüksək səviyyəli şərait ədalətin ən böyük nümunəsidir”



Respublika Olimpiya İdman Liseyində tədbir başa çatdıqdan sonra AzƏOK-un sədri Xəzər İsayevin fikirlərini öyrəndik.




Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ədalətli Oyunlar Komissiyası ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində ədalət prinsiplərini dəstəkləyən bir təşkilat olaraq fəaliyyət göstərir. Azərbaycanda Olimpiya Hərəkatına, eləcə də Ədalətli Oyunlar Hərəkatına olan böyük diqqət, Olimpiya və ədalətli oyun dəyərlərinin dövlət səviyyəsində dəstəklənməsi, bu istiqamətdə lazımi tədbirlərin görülməsi üçün yaradılmış əlverişli şərait, AzƏOK-un Avropa Ədalətli Oyunlar Hərəkatında fəal iştirak etməsi imkanlarını genişləndirib. Bu gün respublikamızda müasir standartlara cavab verən 40 Olimpiya İdman Kompleksi tikilib idmançıların ixtiyarına verilib. Respublikamızda inşa edilmiş ən müasir idman qurğuları dinindən, milli mənsubiyyətindən, cinsindən, yaşından və sosial durumundan asılı olmayaraq hər bir vətəndaşın, əhalinin bütün təbəqələrinin idmanla məşğul olmasına şərait yaradır, onların sağlamlığının qorunmasına imkan verir. Düşünürəm ki, idmançılarımız üçün yaradılan yüksək səviyyəli şərait ədalətin ən böyük nümunəsidir. Respublikamızda idmançılara həmçinin də idman mütəxəssislərinə əldə etdiyi yüksək nailiyyətlərə görə böyük dəyər verilir. Ölkəmizdə yaradılmış bütün bu şərait Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, möhtərəm İlham Əliyevin idmana və Olimpiya Hərəkatına olan xüsusi diqqətinin nəticəsidir.
Beynəlxalq qurumlar tərəfindən ölkəmizə göstərilən yüksək səviyyəli etimadın nəticəsidir ki, 2010-cu ildə AƏOH-un XV konqresi və Baş Assambleyası ölkəmizdə təşkil olunub. Belə bir konqresin Azərbaycanda keçirilməsi böyük hadisədir. Bu, Azərbaycanda Olimpiya Hərəkatı və idman sahəsində böyük işlərin görülməsi və ölkəmizin Olimpiya ailəsinin nüfuzlu üzvlərindən biri kimi özünü göstərməsi ilə bağlıdır. Avropa Ədalətli Oyunlar Hərəkatının tarixində ilk dəfə gündəlik həyatda və idman fəaliyyətində Olimpiya ideallarını, Ədalətli Oyunlarla bağlı dəyərlərin və prinsiplərin vacibliyinə yönələn bütün təşəbbüslərə, verdiyi hərtərəfli dəstəyə görə dövlətimizin başçısına AƏOH-nun ali mükafatı - "Şərəf” nişanı təqdim olunub. Bu mükafat həm də, Azərbaycanda ədalətli oyunlar prinsiplərinə sadiqliyin və bu sahədə görülən işlərin göstəricisidir.
Ədalətli Oyunlar Komissiyası maarifləndirmə və təbliğat yolu ilə mütəmadi olaraq idman təşkilatları ilə iş aparır və bu iş davam etməkdədir. Bu tədbirdə Olimpiya çempionları Lüdmila Şubina, Zemfira Meftəhətdinova, Fərid Mansurov və Elnur Məmmədli, vaxtilə ROİL-də oxumuş, hazırda müxtəlif vəzifələrdə işləyən məktəbin yetirmələri iştirak edirdilər. Əsas məqsədimiz Ədalətli Oyunlar Hərəkatını geniş kütlə arasında təbliğ etməkdir. Burada təhsil alan şagirdlərin əksəriyyəti müxtəlif bölgələri təmsil edirlər. Regionları təmsil edən şagirdlərin bu sahədə maarifləndirmək lazımdır ki, onlar da yaşadıqları rayon və bölgələrdə bu Hərəkatı düzgün şəkildə həmyaşıdlarına çatdıra bilsinlər. Qeyd edim ki, mən də vaxtilə ROİL-də oxumuşam. Bu məktəbin bir sıra tanınmış müəllimləri hazırda təqaüdə çıxıblar. Gördüyünüz kimi, AzƏOK tərəfindən 10 müəllim və 15 məşqçiyə təşkilatın müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olundu. Qeyd edim ki, gələn il bu lisey 50 illiyini qeyd edəcək.
Bu il Korlar məktəbində paralimpiyaçıların iştirakı ilə daha bir tədbir keçirmişik. Orada Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova AzƏOK-un xüsusi mükafatı təqdim olunub. Digər iştirakçılar isə müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar. İlin sonunda AzƏOK ənənəsinə sadiq qalaraq 5 nominasiya üzrə qalibləri müəyyənləşdirəcək. Bunlar "Ədalətli Oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, "Ədalətli Oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, "Ədalətli Oyun prinsiplərinə sadiq hakim”, "Ədalətli Oyun prinsiplərinə sadiq məşqçi”, "Ədalətli Oyun prinsiplərinə sadiq idmançı” nominasiyalarıdır.




Qalibləri müəyyənləşdirmək üçün biz müxtəlif KİV-lərə, idman təşkilatları və klublara sorğu vərəqələri göndərəcəyik. Xatırladım ki, bu il AƏOH-un Konqres və Assambleyası Türkiyənin İstanbul şəhərində keçirilib. Bu tədbirdə mənimlə birgə AzƏOK-un baş katibi Səlhət Abbasova da iştirak edib. Konqresdə ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının təbliği ilə bağlı çıxışlarımız olub. Gələn il AƏOH-un Konqres və Assambleyası Latviyada keçiriləcək.