Xatirə turniri başa çatıb

Xatirə turniri başa çatıb

Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi başa çatıb.
Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk günündə çəkisi 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq, 63 kq və 69 kq olan sərbəst güləşçilər mübarizəyə başlayıblar. 122 pəhləvanın mübarizə apardığı yarışda Babək Hüseynov (42 kq, Gəncə TİM), Elvin Namazov (46 kq, Gəncə TİM), Əfqan Xaşalov (50 kq, Qazax, Neftçi İSM), Mahir Əmiraslanov (54 kq, Neftçi İSM), Pənah İlyaslı (58 kq, Qazax, Təhsil İC), Təbriz Məmmədov (63 kq, Naxçıvan) və Fuad Məmmədov (69 kq, Füzuli) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışların ikinci günündə isə çəkisi 42 kq, 46 kq, 50 kq və 54 kq olan yunan-Roma və 76 kq,
85 kq və 100 kq çəkidə yarışan sərbəst güləşçilər döşək üzərinə çıxıb. Ümumilikdə 101 pəhləvanın iştirak etdiyi yarışda Pərvin Abdullayev (42 kq, Mingəçevir), Məhəmmədəli Həsənov (46 kq, Mingəçevir), Elgün Hüseynzadə (50 kq, Cəngi GK) Zamir Əliyev (54 kq, Cəngi GK) turnirin qızıl medallarına sahib olub.
Sərbəst güləşçilərin mübarizəsində isə Maqomedsaid Maqomedsaidov (76 kq, Atasport), Maqomedrasul Qazımaqomedov (85 kq, Atasport), Maqomedamin Dibirov (100 kq, Rusiya) fərqləniblər.
Çempionatın üçüncü günündə 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq çəkidə yunan-Roma güləşçiləri yarışıb. Ümumilikdə 89 güləşçinin mübarizə apardığı turnirdə İsrafil Yaqublu (58 kq, Şirvan, Neftçi İSM), Arif Niftullayev (63 kq, Neftçi İSM), Orxan Hümbətov (69 kq, Cəngi GK), Nicat Abdullazadə (76 kq, Beyləqan), Əli Mehdiyev (85 kq, Masallı) və Cavid Feyziyev (100 kq, Pəhləvan) birinci yerə layiq görülüblər.
İlk üç yerin sahibləri Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar həmçinin yığma komandanın heyətinə də cəlb olunublar.