Liderləri bir-birindən top fərqi ayırır

Liderləri bir-birindən top fərqi ayırır

Ötən həftə otüstü hokkey üzrə ölkə çempionatları və birinciliklərində II dövrənin növbəti turlarının oyunları keçirilib. Oktyabrın 12-də mükafatlar uğrunda mübarizə aparan 18 yaşınadək oğlanlardan ibarət komandalar yarışıblar. "Atasport-Binə” Masallının "Olimp” komandası üzərində 6:0 hesabı ilə qalib gəlib. "Təhsil”(Sumqayıt) isə astaralıların qapısından 8 cavabsız top keçirib. Bununla da dördüncü qələbəsini qazanan "Atasport - Binə” vahid liderliyə yüksəlib. Aktivində 6 xal olan Sumqayıt hokkeyçiləri isə II pillədə qərarlaşıblar. Masallı təmsilçisi "Olimp” isə 3 xalla III pillədədir. Astara hokkeyçiləri isə keçirdikləri 4 oyunun hamısında məğlub olaraq xal qazana bilməyiblər. Xatırladaq ki, "Təhsil” və "Olimp” komandaları rəqiblərinə nisbətən 1 oyun az keçiriblər və sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan görüş oktyabrın 20-də baş tutacaq.
"B” qrupunda V-VIII yerlər uğrunda mübarizə aparan komandalar artıq 1 dövrədən ibarət yarışı yekunlaşdırıb. Gəncə hokkeyçiləri 6 xalla ölkə birinciliyində V yeri tutublar. "Xəzər”(Lənkəran) və "Şəki” komandaları 4 xalla 2-ci və 3-cü bölüşdürsələr də topların daha yaxşı fərqinə görə lənkəranlılar VI, "Şəki” komandası isə VII nəticə göstərib. "Göytəpə”(Cəlilabad) 3 xalla "B” qrupunda sonuncu yeri tutub.
Bazar günü ilk olaraq meydançaya qadın otüstü hokkeyçilərdən ibarət komandalar çıxıblar. "Sumqayıt” - "Bakı” görüşündə paytaxt təmsilçiləri rəqiblərinə hokkey dərsi keçiblər. Hazırkı çempion sumqayıtlı qızları 9 cavabsız qolla cəzalandırıb. Qalib komandadan topların 5-ni Nərgiz Novruzova, 2-sini Xalidə Zeynalova, hərəyə birini isə Gülər Aydınlı və Aygün Muxtarova qapıdan keçiriblər.
"Atasport-2” - "Samur” qarşılaşmasında paytaxt təmsilçiləri 4:1 hesablı qələbə qazanıblar. Qadınların mübarizəsində "Bakı” və "Atasport-2” komandaları ilk yeri tuturlar. Topların fərqinə görə "Bakı” birinci pillədə yer alıb. "Samur” komandası isə 18 xalla III yeri tutur. "Sumqayıt” komandası isə keçirdiyi 10 oyunun hamısında məğlubiyyətə uğrayıb.
Oktyabrın 13-də 15 yaşınadək oğlanların ölkə birinciliyində həm medallar uğrunda mübarizə aparan "A” qrupunda, həm də "B” qrupunda V-VIII yerlər uğrunda yarışan komandalar növbəti oyunlarını keçiriblər. Çempionluq iddiasında olan Sumqayıtın "Akkord” komandası 3 qələbədən sonra məğlubiyyətlə üzləşib. "Akkord” - "Şahdağ” (Qusar) matçında isə hesab dəyişməyib. "Atasport-Binə” və "Təhsil” (Bakı) komandalarının oyununda da heç-heçə qeydə alınıb-2:2.
"A” qrupunda "Akkord” 4 görüşdən 10 xal toplayaraq I yeri tutur. "Atasport-Binə” 5 xalla II pillədədir. Sonrakı yerlərdə qərarlaşan "Təhsil” (Bakı) 3, "Şahdağ”(Qusar) isə 2 xal əldə ediblər.
V-VIII yerlər uğrunda keçirilən "Şəmkir” -”Olimp”(Masallı) qarşılaşmasında şəmkirli hokkeyçilər 3:1 hesablı qələbə qazanıblar. "Şəki”və "Gəncə” komandalarının görüşündə qalib müəyyənləşməyib. Son turda qələbə qazanan "Şəmkir” 5 xalla ölkə birinciliyini V yerdə başa vurub. 5 xal toplayan gəncəlilər topların fərqinə görə VI yerə layiq görülüblər. Şəki hokkeyçiləri 3 xalla VII, Masallı təmsilçisi "Olimp” isə 1 xalla VIII yeri tutub.