“Akkord” mövqeyini möhkəmlədir

“Akkord” mövqeyini möhkəmlədir

Oktyabrın 11-də Bakıdakı Otüstü Hokkey Kompleksində sayca XII açıq Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparan kişilərdən ibarət klublar növbəti turun oyunlarını keçiriblər.
İlk görüşdə hazırkı çempion "Akkord” və gümüş mükafatçı "Atasport” komandaları qarşılaşıb. Əzəli rəqiblərin gərgin və maraqlı keçən görüşünün ilk dəqiqəsində "Akkord”-un kapitanı Saleh Balamiyev hesabı açıb. Həmin qoldan 2 dəqiqə keçmiş Xalid Gözəlov "Atasport” klubunun cavab topunu vurub. Matçın 16-cı dəqiqəsində Rauf Şükürov şirkət təmsilçilərini hesabda irəli çıxarıb. Komandalar fasiləyə çempionun 2:1 hesablı üstünlüyü ilə yollanıblar. İkinci hissənin 6-cı dəqiqəsində Kamran Hüseynovun vurduğu qolla hesab bərabərləşib. Bu oyunda vurulan son qol olmayıb. "Akkord” qalan vaxt ərzində rəqibinə şans verməyərək "Atasport”-un qapısından 5 cavabsız qol keçirməklə 7:2 hesablı qələbənin sevincini yaşayıb.
"Gənclik” (Sumqayıt) - "Şahdağ”(Qusar) matçında daha təcrübəli Qusar hokkeyçiləri çətinlik çəkmədən böyükhesablı qələbəyə seviniblər. Topları rəqib qapısından Fətulla Rzaxanov(3), Rövşən Şıxəliyev (3), Tehran Pirsaatov (2), Elman Eldarov və Şahin Hacıağayev keçiriblər.
Cümə günü baş tutan oyunlardan sonra "Akkord” 11 görüşdən 27 xal toplayaraq inamla yarış cədvəlinə başçılıq edir. "Atasport” 20 xalla ikinci sıradadır. Birinci dövrəni 19 xalla lider kimi başa vuran və hələlik II dövrənin oyunlarına qoşulmayan Rusiyanın Azov şəhərini təmsil edən "HK Tana” hokkeyçiləri 19 xalla III yeri tuturlar. "Şahdağ” bugünkü qələbədən sonra xal ehtiyatını 9 xala çatdırsa da əvvəlki kimi 4-cü yerdə qərarlaşıb. "Gənclik” komandası isə 3 xalla sonuncu yeri tutur.
Yüksək dəstədə növbəti oyun oktyabrın 16-da saat 16.00-da "HK Tana” və "Gənclik” komandaları arasında keçiriləcək.