Hövsan Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə gənclər arasında "Hünər meydanı” respublika seçim turnirinə yekun vurulub. 2 gün davam edən turnirdə 1994-1996-cı illər təvəllüdlü güləşçilər mübarizə aparıblar. Yarışların ilk günündə pəhləvanlar 8 çəki dərəcəsi üzrə qüvvələrini sınayıblar.
Çəkisi 50 kq olan idmançıların yarışında Gəncə UGİM-in yetirməsi Nihad Bağırzadə turnirin qalibi olub. 55 kq və 60 kq çəki dərəcələri üzrə keçirilən yarışlarda isə Abşeron idmançıları Ruslan Qasımov və Cahid Həsənzadə bütün rəqiblərindən üstün olublar.
Çəkisi 66 kq olan pəhləvanların yarışında Rəşid Həsənov (Rusiya) birinci yeri tutub. Cəlilabad təmsilçisi Elmar İsmayılov 74 kq çəkidə rəqiblərindən üstün olub. 84 kq, 96 kq və 120 kq çəki dərəcələri üzrə keçirilən yarışlarda isə "Atasport” idmançıları Nurmaqomed Hacıyev, Çermen Baqayev və Abbas Abdullayev qızıl medala layiq görülüblər.
Yarışların ikinci günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxıblar. Gərgin mübarizə şəraitində keçən turnirdə Sənan Süleymanov (50 kq, "Təhsil), Murad Məmmədov (55 kq, Sumqayıt, "Neftçi” İSM), Murad Bazarov (60 kq, "Neftçi” İSM), Orxan Məmmədli (66 kq, "Dinamo” İC), Mehrac Kərimov (74 kq, "Neftçi” İSM) birinci yeri tutublar. Çəkisi 84 kq olan pəhləvanların yarışında isə sumqayıt təmsilçisi İslam Abbasov qızıl medala sahib çıxıb. 96 kq çəkidə yarışan Respublika Olimpiya İdman Liseyinin idmançısı Türmən Eyyubov hamıdan güclü olub.
İlk üç yeri tutan idmançılar medal, diplom və pul mükafatları ilə təltif olunublar. Bundan başqa qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilib və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.