Çətin, bahalı və sürətli həyat tərzi

Çətin, bahalı və sürətli həyat tərzi

Formula 1 rəhbərliyi yarışların sayını və miqyasını artırmaq niyətindədir. Belə ki, qarşıdakı mövsümlərdən etibarən bu növdə 30 Qran-prinin keçirilməsi nəzərdə tutulub. Lakin iştirakçı komandalar rəhbərliyin bu niyyətini heç də yaxşı qarşılamırlar. Onlar qorxurlar ki, yarış sayı artarsa, heyətdə yer alan işçilərin əksəriyyəti stress və fiziki yorğunluq baxımından buna tab gətirməyəcək. Məlumdur ki, yarış zamanı trekdə komandaların yüzlərlə işçisi dayanmadan fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, pilotlar sükan arxasında rahat oturub, yalnız qalibiyyət barəsində düşünürlər. Doğrudan da, trekdəki işçilərin üzərinə həddindən artıq yük düşür. Məsələn, əgər şərti olaraq Maks Ferstappen sükan arxasına oturub, yarışırsa onun komandasının işçiləri şənbə günündən etibarən bu çıxışın uğuru üçün çalışmalıdırlar. Əvvəlcə qaraj və motorxana səhmana salınmalıdır. Qarşıya çıxacaq hər hansı bir xırda maneələr bir göz qırpımında aradan qaldırılmalıdır. Təsəvvür etmək belə çətindir ki, tonlarla yük bir şəhərdən digər şəhərə, hətta bir qitədən digər qitəyə necə daşınır.


Qran-prilər 
arasında ən uzun yerdəyişmə

Formula 1-in logistikasına nəzər salsaq bu, ağılasığmaz bir işdir. Məsələn, Kanada Qran-Prisində iştirak edəcək bir komanda Avropa mərhələsini başa vurub, okeanın o tayına yollanmaq üçün əvvəlcədən müəyyənləşmiş təqvim tarixində tam hazır olmalıdır. Qran-prilər arasında ən uzun yerdəyişmə məhz Kanadaya məxsusdur. Bir komanda Avropadan okeanın o tayına Qran-pridə iştirak etmək üçün mövsüm ərzində 21 milyon dollar xərcləyir. Komandalar mərhələləri sıralayarkən müxtəlif saat qurşaqları ilə üz-üzə qalırlar. Belə ki, Avstraliyadan Səudiyyə Ərəbistanına sonra Azərbaycana və nəhayət, dünyanın o biri təfəfinə yollanan komandlar “Avropa qastrolu”ndan sonra Kanadanı kabus kimi qarşılayırlar. Logistika iştirakçı komandalar üçün külli miqdarda maliyə hesabına başa gəlir. Burada yüklərin daşınması əsas şərtdir. Təxmini hesablamalara görə 133 min 570 km məsafə qət edilir.


“Biz istəsək də həmin xərcləri azalda bilmədik”

Komandalar sığorta sahəsində də xeyli vəsait itirirlər. İndi yaxşı başa düşülür ki, nəyə görə Formula 1 ən bahalı idman yarışı hesab olunur. “Red Bull” komandasının rəhbərliyi bu barədə maraqlı fikirlər səsləndirmişdi. Həmin fikirlərdən bəzi məqamları diqqətinizə çatdırmaq istərdik. “Xatırlayırsınızsa 2020-ci ildə pandemiya bütün sahələrdə olduğu kimi Formula 1-in də büdcəsinə xeyli zərər vurmuşdu. 2020-ci ilin ortalarında bütün komandalarla ortaq məxrəcə gəldik ki, bütün xərcləri bacardığımız qədər azaldaq. Lakin bizdən asılı olmayaraq bu səsvermə heç bir səmərə vermədi. Bir sözlə, biz istəsək də həmin xərcləri azalda bilmədik. Əksinə, qiymət artımı xərclərimizi azaltmağa imkan vermədi. Komandaların bütün təchizatı və yüklərinin daşınmasında heç bir qənaət edə bilmirik. Bu ciddi problemdir. Hələ ki, bu sahədə heç bir çıxış yolu tapmışıq. Formula 1 rəhbərliyi Qran-prilərin sayının artırılmasında maraqlıdır. Onlar çalışırlar ki, yeni mərhələlərlə yarışların miqyasını daha da artırsınlar. Amma bu, həm maddi, həm də fiziki cəhətdən komandlara sərf etmir. Hələ onlar unutmamalıdırlar ki, hər bir Qran-pridə komandalar qəza vəziyyətinə düşür, bolidlər qismən də olsa sıradan çıxır. Məlumdur ki, bir bolidin qiyməti bir neçə milyon dollar təşkil edir”, - deyə “Red Bull” rəhbərliyi bildirmişdi.


Komandalar 
yüklərini necə və hansı şəraitdə 
daşıyırlar?

Belə ki, komandaların yükləri üç vasitə ilə daşınır. Yüklərdən 240 tonu su yolu ilə gəmilərlə daşınır. Təyyarə ilə daşınmada cəmi 30 ton yükə icazə verilir. Digərləri isə Formula 1-in özlərinə məxsus yük maşınlarının hesabına başa gəlir. Əgər bir mərhələdə məsələn, Azərbaycan Qran-prisində qalib müəyyənləşdiyi günün ertəsi yüklər dərhal növbəti yarışın keçiriləcəyi ölkəyə yola salınır.
Növbəti mövsümün 90 faiz təşkilatçılığı ilin son ayında planlaşdırılır. Bəs görəsən, bir komandanın heyətində nə qədər işçi yer alır. Bu say təxminin 80-100 aralığında dəyişir. Həmin heyətdə aşpazdan, pilota qədər hamı komandanın uğuru üçün çalışır.
Maraqlıdır, komandalar gəmi vasitəsi ilə hansı yükləri daşıyırlar? Komandalar əsasən su yolu ilə ofis ləvazimatlarını, stol, stul, yürüş zamanı mexaniklərin oturduqları kreslolar, qaraj çərçivələrini aparırlar. Təyyarədə isə daha vacib yüklər bir ölkədən digərinə daşınır. Hava yolu ilə hər bir komanda 3 boks və həmin boksların quraşdırılması üçün ehtiyat hissələrini göndərirlər. Bunlar əvvəlcədən yola salınır ki, yarışa qədər heç bir maneə yaranmasın. Bolidlər zədələnməməsi üçün xüsusi vasitələrlə təyyarənin yük yerində möhkəm qaytanlarla bərkidilir. Bunun üçün xüsusi nəzarətçilər uçuş boyu bolidləri “gözdən qoymurlar”. Yeri gəlmişkən pilotların özləri də bu təyyarədə yarışın keçiriləcəyi şəhərə yollanırlar.    
Yüklər çərşənbə axşamı yola salınır. Təxminən 6-7 saat ərzində komandaların boksu və qarajı tam hazır vəziyyətə gətirilir. Təsəvvür etmək belə çətindir ki, bütün qarajın və elektron quraşdırmanın öhdəsindən cəmi iki nəfər gəlir. Bu iki işçi həftə sonuna qədər bütün  quraşdırmanı tam həyata keçirməlidir. Burada bolidlərin yanacaq doldurulmasından monitorların işlək vəziyyətə gətirilməsinə qədər hər bir iş mükəmməl səviyyədə həyata keçirilməlidir. Bir sözlə, Formula 1 yarışları komandalara çətin anlar yaşadır.
Formula 1 yarışında heç nə dəyişmir. Yenə gəmi, təyyarə və yük maşınları dövrə vurur. Mərhələ-mərhələ ölkələr bir-birini əvəzləyir. Yüklər və pilotlar il ərzində 25 dəfə yer dəyişir.   



Anar Əhmədov

Çətin, bahalı və sürətli həyat tərzi Çətin, bahalı və sürətli həyat tərzi Çətin, bahalı və sürətli həyat tərzi Çətin, bahalı və sürətli həyat tərzi Çətin, bahalı və sürətli həyat tərzi