“Yetirmələrimiz hər zaman onlara bəslənilən ümidləri layiqincə doğruldurlar”

“Yetirmələrimiz hər zaman onlara bəslənilən ümidləri layiqincə doğruldurlar”

Güləş tarixi keçmişi olan idman növlərindən biri hesab olunur. Ölkəmizdə bu milli idman növü daim öz populyarlığını qoruyub, saxlamaqdadır. Təsadüfi deyil ki, Azərbaycan güləşçiləri beynəlxalq arenalarda öz sözlərini deyə biliblər. Pəhləvanlarımız müxtəlif illərdə Olimpiya, dünya və Avropa çempionatlarında müxtəlif əyarlı medallara yiyələniblər. Bu uğurların qazanılmasında yerli məşqçilərimizin də özünəməxsus rolu var. Azərbaycanın güləş məktəbi neçə-neçə məşqçinin yetişməsinə nail olub. Bu ənənə bu gün də uğurla davam edir. Hazırda respublikada gənc məşqçilər ordusu yaranıb ki, onlar da güləşin inkişafında və təbliğində öz təcrübələrini bölüşürlər. “Olimpiya dünyası” qəzeti daim təcrübəli məşqçiləri diqqətdə saxlayır, onların fəaliyyətindən və keçdikləri yoldan bəhs edən yazıları çoxsaylı oxucularına təqdim edir. Budəfəki sayımızda “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin gənc məşqçisi Elşən Mirzəyevdən danışacağıq.      

Məlumat üçün bildirək ki, Elşən Mirzəyev 1982-ci ildə Şirvan şəhərində anadan olub. Atası dövrünün tanınmış güləşçilərindən biri olub. Məhz bu həvəs Elşən Mirzəyevi 1995-ci ildə güləş idman növünə gətirib. İlk addımlarını Şirvanda Çingiz Əhmədovun rəhbərliyi altında “Neftçi” idman cəmiyyətinə məxsus olan idman zalında atıb. Peşəkar idmanla məşğul olan müsahibimiz təhsilini də unutmayıb. O, 2000-2004-cü illərdə AzDBTİA-nın təkmübarizlik fakültəsində təhsil alıb. Hərbi xidmətini MOİK-də keçirib. İlk böyük uğurlarından birini 2000-ci ildə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında əldə edib. Elşən Mirzəyev 46 kq çəki dərəcəsində fəxri kürsünün yüksək pilləsində yer alıb. İllər keçdikcə idmandakı nailiyyətləri bir-birini əvəzləyib. 2001-ci ildə keçirilən analoji yarışında 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Bu yarışda o, yaşıdları arasında gümüş mükafata layiq görülüb. Həmin il böyüklər arasında keçirilən ölkə çempionatında 54 kq çəki dərəcəsində mübarizə aparıb. Bu dəfə də yarışda mükafatçılar sırasına düşərək bürünc medala yiyələnib.


2002-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 50 kq dərəcəsində 3-cü yerlə kifayətlənib. 2003-cü ilin mayında İranda keçirilən Təxti turnirində iştirak edib. 55 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz gümüş medala sahib çıxıb. 2005-ci ildə böyüklər arasında 55 kq çəki dərəcəsində eyni əyarlı medala sahib olub. 2007-ci ildə böyüklər arasında Azərbaycan çempionu adını qazanıb. Elə həmin il Gürcüstanda keçirilən Vaxtanq Balavadzenin xatirəsinə həsr olunmuş turnirdə bürünc medala layiq görülüb. O həmin ərəfədə Rusiya Federasiyasının Dağıstan Respublikasında keçirilən beynəlxalq turnirdə gümüş medala layiq görülüb. Növbəti il həmin yarışda eyni nəticə ilə diqqət çəkib. 2008-ci ildə respublika çempionatında bürünc mükafata sahib çıxıb. 2009-cu ilə qədər müxtəlif qrupları üzrə milli komandaların heyətində bir sıra yarışlarda iştirak edən idmançımız, sonradan məşqçilik fəaliyyətinə başlayıb.
Hazırda “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində məşqçi kimi fəaliyyət göstərən Elşən Mirzəyevlə məşqçiliklə bağlı söhbət edərkən, bir sıra maraqlı fikirləri diqqətə çatdırdı.
“Yeniyetmə və gənclərin idmanla məşğul olması vacib şərtlərdən biridir. Növündən asılı olmayaraq idmanla məşğul olan hər bir uşaq fiziki cəhətdən sağlam bədən quruluşuna malik olur. Ən əsası pis vərdişlərdən uzaq olur. Biz məşqçilər çalışırıq ki idmanın müsbət tərəfini uşaqlara başa salaq. Onlar həm ailələrinin həm də ümumilikdə cəmiyyətimizin gələcəyi hesab olunur. Bu günün sağlam orqanizmli, sağlam düşüncəli övladları sabahın layiqli vətəndaşı, vətənpərvər əsgəridir. 44 günlük Vətən müharibəsi sübut etdi ki, bu xalqın fiziki və mənəvi cəhətdən sağlam olan vətənini canından çox sevən güclü əsgərləri, rəşadətli ordusu var. Bir sözlə, yeniyetmə və gənclərimiz sağlam ruhda böyüməlidirlər. Onlar həmyaşıdlarına örnək olmalıdırlar”, - deyə gənc məşqçi bildirdi.
Elşən Mirzəyev bildirdi ki, məşqçilik çox çətin və məsuliyyətli peşədir. Məşqçi uşağın nəyə qadir olduğuna fiziki gücünə və psixologiyasına bələd olmalıdır. “İdmanda ilk addımlarını atan uşaqlara həssas yanaşmaq vacib şərtdir. Onlara elə qərar, elə tapşırıq vermək lazımdır ki, uşaq bu yükü qaldıra bilsin. Valideynlər uşaqlara qarşı daha həssas yanaşmalıdırlar. Çalışmalıdırlar ki, uşaqlarını onların həvəsi olan idman bölmələrinə yazdırsınlar. Belə bir vəziyyətdə biz məşqçilər də rahat işləyə bilirik. Həvəsi olmayan uşaqdan nəsə tələb etmək olmur. Belə olduğu təqdirdə heç bir nəticədən söz gedə bilməz.  “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində uzun müəddətdir ki, işləyirəm. Burada idmana böyük diqqət və qayğı var. Rəhbərlik hər bir problemlə yaxından maraqlanır, onun həllinə çalışır. Odur ki, “Zenit”in idmançılarının sorağı hər zaman müxtəlif yarış və turnirlərdə yüksək yerlərdən gəlir. Yetirmələrimiz hər zaman onlara bəslənilən ümidləri layiqincə doğruldurlar”, - deyə müsahibimiz qeyd etdi. 

 

Anar Əhmədov