Saqqızla finişə çatan qəhrəman pilot

Saqqızla finişə çatan qəhrəman pilot

“24 saat Le-Manda” avtoyarışı dünyanın ən qədim və məşhur idman tədbiridir. Bu il bu avtoyürüşün 100 illik yubileyi qeyd olunacaq. Bir əsrlik tarixə malik olan yarışda müxtəlif illərdə maraqlı və qeyri-adi hadisələr baş verib. “Olimpiya dünyası” qəzeti çoxsaylı oxucularına “Le-Man” yarışında baş verən ən maraqlı hadisələrdən birini təqdim edir.

1933-cü ildə keçirilən “24 saat Le-Manda” yarışı qeyri-adi yarışlardan biri kimi yadda qaldı. Həmin vaxt “Alfa Romeo” komandasının üzvləri Taçio Nuvolari və Raymon Sommer yarışda liderliyi ələ almışdılar. Yarışın sonrakı saatlarında maşında nasazlıq yarandı. Müəyyənləşdi ki, avtomobilin benzin çəni zədələnib, yanacaq itkisi yaranıb. Belə olduğu halda Sommer “Alfa Romeo”nu boksa sürməyi qərara aldı. Vəziyyətdən çıxış yolu tapan sürücü qərara gəldi ki, çənin yanacaq axan hissəsini saqqızla bağlasın. Sürücü heyəti çəni təmir etdikdən sonra yarışdaki liderliyini itirdi, hətta ən zəif göstəriciyə malik olan avtomobillərdən də geri qaldı. Nuvolarinin mübarizliyi yarışdakı məğlubiyyətin qarşısını ala bildi. Səhər saatlarında italiyalı yürüşçü yenidən liderliyə yüksəldi. Pilotların əvəzetməsindən sonra yanacaq çənindəki problem yenidən özünü büruzə verdi. Mexaniklər bu problemi saqqızla həll etməyə üstünlük verdilər. Nuvolari ikinci dəfə rəqiblərini qovmağa başladı. Lakin əslində, bu hadisə necə baş verib, onu araşdırdıq. Qeyri-adi görünməyinə baxmayaraq, orada baş verən hadisələrin hamısı reallığı əks etdirir. Həmin yarışda iştirak edən T.Nuvolari doğrudan da dövrünün ən yaxşı yürüşçüsü və Avropanın ən yaxşı pilotu hesab olunurdu. Onun tərəf müqabili Raymon Sommer də Nuvolaridən heç də geri qalmırdı. Sommer bundan əvvəl marafon yarışında Luici Çinetti ilə birlikdə 24 saatlıq mübarizədə 20 saat yarışmışdı. Sommer yaxşı başa düşürdü ki, onun yol yoldaşı gecə yürüşlərini uğurla yerinə yetirir. Məhz bu səbəbdən günün digər saatlarında yarışda özü iştirak edirdi. Onların sürdükləri “Alfa Romeo” avtomobili İtaliyadakı “Milye Milya” yürüşündə min mil yolu qət edərək uğurla sınaqdan çıxmışdı. Sonradan şirkətin mühəndisləri qərara gəldilər ki, avtomobilin yanacaq çənini bir qədər genişləndirsinlər. Belə olduğu təqdirdə “Alfa Romeo”nun surətində bir qədər zəifləmə hiss olundu. O ki qaldı həmin hadisəyə, yarış vaxtı səhər saat 4-də avtomobildə nasazlıq hiss edən Sommer boksa qayıtdı. Avtomobilin qabaq qanadları (söhbət antiqanaddan getmir. Belə avtomobillərdə anti-qanad olmurdu - red) sınıb. Mexaniklər həmin problemi qısa zaman ərzində aradan qaldırarkən gördülər ki, yanacaq çəni deşilib. Vəziyyətdən çıxış yolu tapan mexaniklər deşilmiş hissəni saqqızla bağlayıb, üstünü sabunladılar. Bu doğrudan da səmərə verə bilmişdi. Avtomobil təmirindən yaxşı anlayan insanlar yəqin ki, bu fikirlə razılaşar. Təxminən 20-30 il əvvəl benzin çənində baş verən yırtığı aradan qaldırmaq üçün sürücülər yumuşaq yapışdırıcılardan istifadə edərək su keçirməz tıxacla bu problemi aradan qaldıra bilirdilər. Təbii ki, bu vasitə uzun müddət davamlı qalmırdı. Ən azı yaxın emalatxanaya qədər avtomobildəki yanacağı qorumaq olurdu. Sommerin komandası da bu cür etmişdi. Bu təmir yarışda onları xeyli yubandırmışdı. Onlar zədəli yanacaq çəni ilə üçüncü yerdən çempionluğa qədər yüksələ bilmişdi. Nuvolari Sommer cütlüyünün birgə yarışında şəxsi göstəricilərə görə fransalı pilot daha üstün nəticə ilə yadda qalmışdı. Bir məqamı da diqqətə çatdıraq ki, çənin yamanması üçün bütün qüvvəsini səfərbər edən mexaniklərin hər biri eyni vaxtda sürətlə saqqız çeynəyirdi. Sual yarana bilər ki, bu qədər saqqız həmin vaxt boksda haradan idi?


Sonradan məlum olub ki, təcrübəli mexaniklərin hər zaman A və B planları olur. Görünür, bu, onların əslində B planları idi ki, bu da vəziyyətdən çıxmaq üçün ən yaxşı vasitə oldu. Belə bir hadisə 1923-cü ildə də baş vermişdi. “24 saat Le-Manda” yarışının ilk yürüşündə Con Daffın idarə etdiyi “Bentli”nin çənində zədələnmə baş vermişdi. Daff  vəziyyətdən çıxış yolu tapmaq üçün boksa tərəf qaçmışdı. Onun komanda yoldaşı Fren Klement isə ən yaxşı çıxış yolunu seçmişdi. Belə ki, polisin velosipedini oğurlayaraq boksa tərəf sürən fransalı pilot benzin çayrızını (kanister) və saqqız götürüb, geri qayıtmışdı. Çənə benzin töküb, saqqızla yamadıqdan sonra yarışa davam etmiş və ən yaxşı nəticəyə nail olmuşdu. Yeri gəlmişkən onlar finişdə çempionluğu bayram edərkən “Alfa Romeo”nun çəni saqqızla bərpa olunmuş vəziyyətdə idi. Bir sözlə, komanda çempionluğu saqqızla əldə edərək tarixdə iz qoymuşdu.


Anar Əhmədov

Saqqızla finişə çatan qəhrəman pilot