Azərbaycan dövlət qurumlarının əməkdaşları arasında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis turnirinə yekun vurulub. Yarışda 44 qurumdan 104 kişi və 43 qadın stolüstü tennis həvəskarı şəxsi mübarizədə bacarığını nümayiş etdirib. İki gün davam edən yarışın nəticələrinə əsasən qadınlar arasında Svetlana Kayumova (SOCAR) birinci yerə layiq görülüb. Rəna Vahabzadə (Mədəniyyət Nazirliyi) ikinci, Leyla Bağırova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və Yeganə Əlizadə (Mərkəzi Ordu İdman Klubu) üçüncü yeri tutub. Kişilərin turniri Əli Bayramovun (Fövqəladə Hallar Nazirliyi) qələbəsi ilə yekunlaşıb. Vüqar İbrahimov (Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Yaşar Mövlamov (Dövlət Turizm Agentliyi) və Fəxrəddin İsmayılov (Dövlət Təhlükəsizliyi Xidməti) isə yarışları üçüncü yerdə başa vurub.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi turnirdə fərqlənən iştirakçılar diplom və mükafatlarla təltif olunublar.