2013-cü ilin may ayında Sankt-Peterburqda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin iclasda idman güləşini təşviq edən təqdimat hazırlamaq hüququ Rusiya tərəfinə veriləcək.
Bu barədə qonşu ölkə mətbuatına Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat verib.
Xatırladaq ki, ötən həftə BOK-un İcraiyyə Komitəsi hazırda Yay Olimpiya Oyunlarının proqramında təmsil olunan 26 idman növündən hər birinə 30-dan çox meyar əsasında qiymət verilən raportu araşdıraraq idman güləşinin 2020-ci il Olimpiya oyunlarının proqramından çıxarılmasını tövsiyə edib.
Bu barədə son qərar cari ilin sentyabr ayında BOK-un Buenos-Ayresdə keçiriləcək 125-ci sessiyasında qəbul ediləcək. Elə həmin sessiyada Madrid, İstanbul və Tokio şəhərlərindən biri 2020-ci il Olimpiya oyunlarının paytaxtı seçiləcək.
Rusiya İdman Güləşi Federasiyasının prezidenti deyib: "Biz ən iri PR - şirkətləri ilə əlaqə yaratmışıq. Onlar artıq öz təkliflərini irəli sürməyə başlamışlar. Ümid edirik ki, biz bu vəzifənin öhdəsindən gələcək və güləşin milyonlarla insan üçün nə demək olduğunu göstərə biləcəyik. Əgər biz bütün bu işləri düzgün aparsaq, əlbəttə, güləşin olimpiya ailəsində qalmaq şansı kifayət qədər böyükdür".
Bundan əvvəl RF idman naziri Vitali Mutko BOK-un İcraiyyə Komitəsində güləşin yetərincə səmərəli təqdim edilməməsini göstərib və BOK-un bu idman növünə qarşı iddialarının səbəblərini sakitcə aradan qaldırmağa və normal təqdimat keçirməyə çağırıb.
Beynəlxalq Birləşmiş Güləş Stilləri Federasiyasının bu idman növünün Olimpiya oyunları proqramında qalmasına nail olmaq üçün yaradılan işçi qrupuna FİLA-nın büro üzvləri, Türkiyə və Yaponiya nümayəndələri başçılıq edir.