Aprelin 1-dən 4-nə kimi Bakı İdman Sarayında güləş üzrə Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Güləş Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda müvafiq çəki dərəcələri üzrə ölkənin ən yaxşı yeniyetmə güləşçiləri müəyyənləşib.
Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) tabeliyində olan “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin güləşçiləri də iştirak ediblər. Yunan-Roma güləşi üzrə U17 yeniyetmələr arasında ölkə çempionatında Musa Ağayev (61 kq), Ramiq Heybətov (65 kq), Zəfər Əliyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Mircavad Nəbiyev (70 kq) və Əli Bayramov (70 kq) isə yarışları ikinci yerdə yekunlaşdırıblar. Kamran Rəcəbli (60 kq), Memar İbrahimov (63 kq), Əmrah Hüseynov (71 kq) birinciliyin bürünc mükafatları ilə kifayətləniblər. Sərbəst güləşçilərin mübarizəsində “Zenit” BTİC İB-in təmsilçisi Əli Əliyev (55 kq) yarışları ikinci yerdə tamamlayıb.
Yarışlar başa çatdıqdan sonra ölkə birinciliyində iştirak edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” BTİC İB-nin mükafatçıları redaksiyamızın qonağı olublar. Dəyirmi masa ətrafında söhbətimiz zamanı perspektivli güləşçilərimizlə daha yaxından tanış olduq.
“Güləşə marağım
ailədən gəlib”
Musa Ağayev, Azərbaycan birinciliyinin qalibi:
- 2006-cı il Astara rayonunda anadan olmuşam. Güləşə marağım ailədən gəlib. Atam və əmim mənim güləşçi olmağımda böyük pay sahibidirlər. Onları görüb, bu idman növünə həvəs göstərmişəm. 2019-cu ildə həmyaşıdlarım arasında Avropa çempionatında bürünc mükafata layiq görülmüşəm. Ümumiyyətlə, “Zenit” İdman Cəmiyyətinə gəldikdən sonra məqsəd və arzularım artmağa başladı. Ölkədaxili yarışlarda mükafatalayiq yerlər tutdum. Qeyd edim ki, karyeramın ən yaxşı vaxtları mövcud pandemiya dövrünə təsadüf etdi. Bu, təkcə məni deyil bütün həmyaşıdlarımı bir sıra mötəbər yarışlardan kənarda qoydu. Əgər belə bir hadisə olmasaydı, naliyyətlər xeyli artardı. Amma bu hal bizi qətiyyən ruhdan salmadı. Tədricən əvvəlki formamızı qaydaya salmağa başladıq. Bir sıra yarışlarda iştirak etdim. Nəticələrim də qənaətbəxş oldu. Ötən il ölkə birinciliyində çıxış etdim. Sonradan zədə səbəbindən beynəlxalq yarışlardan kənarda qaldım. Bu il zədəmi sağaltdıqdan sonra yenidən yarışlara qayıtdım. Yeniyetmələr arasında ölkə birinciliyində qızıl medala sahib çıxdım. Düşünürəm ki, qarşıda neçə-neçə yarışlarda iştirak edib, mükafatçılar sırasında yer alacağam.
“İdman təkcə nəticələrdən ibarət deyil”
Mircavad Nəbiyev, Azərbaycan birinciliyinin gümüş mükafatçısı:
- Mən 8 yaşımdan güləşlə məşğul oluram. Ölkə miqyaslı yarışlarda mükafatalayiq nəticələr göstərmişəm. Bu işdə məşqçim Elvin Aslanovun xüsusi xidmətləri olub. Lakin buna qədər atam və əmimin güləşlə məşğul olması məni bu idmana növünə həvəsləndirmişdi. Düşünürəm ki, valideynlərimin məni cəmiyyətdə sağlam bir vətəndaş kimi formalaşmış görmələrində güləşin rolu az deyil. İdman təkcə nəticələrdən ibarət deyil. O həm də sağlam həyat tərzinin formalaşmasına xidmət edir. Sonuncu dəfə iştirak etdiyim ölkə birinciliyində güclü rəqabətlə üzləşdim. Finala qədər uğurla irəlilədim. Həlledici görüşdə Sumqayıt təmsilçisi Cavidan Əhmədovla gərgin mübarizə apardım. Lakin mənə yarışların gümüş mükafatını qazanmaq qismət oldu. Bununla kifayətlənmək niyyətində deyiləm. Daha böyük nailiyyətlər üçün bütün qüvvəmi səfərbər etməliyəm. Məqsədim bu idman növündə böyük titullara sahib olmaqdan ibarətdir.
“Peşəkar güləşçi kimi
formalaşmağa çalışmışam”
Zəfər Əliyev, Azərbaycan birinciliyinin qalibi:
- 2003-cü ildə Masallı rayonunda anadan olmuşam. 9 yaşımdan rayonumuzda bu idman növünün sirlərinə yiyələnməyə başlamışam. 2019-cu ildə daha böyük uğurlar əldə etmək və güləşin texnikasına daha mükəmməl öyrənmək üçün “Zenit” İdman Cəmiyyətinə gəldim. Qısa zaman ərzində daha böyük, peşəkar güləşçi kimi formalaşmağa çalışmışam. Ölkə və beynəlxalq yarışlarda mükafatçılar sırasında yer almışam. Bundan əlavə özümü çimərlik güləşində də sınamışam. Azərbaycan çempionatından əvvəl Yakutiyada keçirilən beynəlxalq yarışda iştirak etdim. Bakıdakı yarışa, demək olar ki, hazır idim. Bu cür yarışda iştirak etmək idmançı üçün əlavə stimuldur. Doğma azarkeşlər, komanda yoldaşlarım, təmsil etdiyim idman cəmiyyətinin rəhbərliyi, məşqçilər və federasiya nümayəndələri qarşısında güləşmək böyük məsuliyyət tələb edir. Ümumiyyətlə, çalışıram ki, peşəkar idmanla yanaşı, həm də savadlı bir kadr kimi formalaşım. Düşünürəm ki, idmançı həm fiziki, həm də mənəvi cəhətdən güclü olarsa, istənilən maneələri aşa bilər.
“İstəmirdim ki, çempionluğun bir
addımlığında büdrəyim”
Ramiq Heybətov, Azərbaycan birinciliyinin qalibi:
- İdmana böyük marağım var idi. Daha çox karateni sevirdim. Lakin rayonumuzda karate məktəbi olmadığı üçün bu arzum həyata keçmədi. Sağlam bədən quruluşuna malik olmaq üçün güləş məşqlərinə yazıldım. Tezliklə güləşin sehrinə düşdüm. Güləşə olan marağım daha da artmağa başladı. 2016-cı ildə “Zenit” İdman Cəmiyyətinə gəldim. Bu illər ərzində yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinin qalibi olmuşam. Avropa birinciliyində bürünc mükafata layiq görülmüşəm. Bakı İdman Sarayında keçirilən ölkə birinciliyində mübarizə sona qədər davam etdi. Keçirdiyim görüşlərdə güclü rəqiblərlə qarşılaşdım. Finala qədər bu yarışın qalibi olmağı qarşıma məqsəd qoymuşdum. İstəmirdim ki, çempionluğun bir addımlığında büdrəyim. İstəyimə çatdım. Qarşıda məni yaşıdlarım arasında Avropa çempionatı gözləyir. Hesab edirəm ki, həmin yarışda da etimadları doğruldacağam.
Anar Əhmədov