Poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilib

Poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilib



Oktyabrın 22-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilib. 17-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m, 2000 m məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olub. Turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. Gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri 480 xalla Yasamal rayon komandası tutub. 447 xala malik olan Nərimanov rayon komandası ikinci, 446 xal toplayan Xəzər rayon komandası isə üçüncü yerə layiq görülüb. Şəxsi hesabda qalib adını 130 xalla Məhəmməd Əhmədov (Xəzər rayonu) qazanıb. II yeri 121 xalla Abbas Tağıyev (Binəqədi rayonu), III yeri isə 117 xala malik ola Nihad Orucov (Yasamal rayonu) tutub. 100 m məsafəyə qaçış növündə Abbas Tağıyev (Binəqədi rayonu - 13,62 saniyə), qumbara atma növündə Cəfər Nəbiyev (Nərimanov rayonu - 42 m) fərqləniblər. Turnikdə dartınma növündə Vaynob Abdulvahabov (Nərimanov rayonu - 21 dəfə) və Elşad Nuriyev (Binəqədi rayonu - 21 dəfə), 2000 m məsafəyə qaçış növündə Ağa Ağazadə (Binəqədi rayonu - 8 dəqiqə 4 saniyə) qalib olublar. I və II yerləri tutan Yasamal və Nərimanov rayonlarının komandaları noyabr ayında İsmayıllı rayonunda keçiriləcək respublika mərhələsinə vəsiqə qazanıblar.