Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşları Nərgiz İsmayılova və Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən müvafiq olaraq U-17 qızlar və oğlanlar arasında keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsinə təyinat alıblar.
AVF-dənverilən məlumata görə, federasiyanın Regional İnkişaf Mərkəzinin rəhbəri, CEV-in Avrokuboklar Komissiyasının üzvü N.İsmayılova Gürcüstanın Telavi şəhərində qızlar arasında təşkil olunacaq D qrupu oyunlarına supervayzer təyin olunub.
Bu qrupda ev sahibi Gürcüstanla yanaşı, Avstriya, İsrail və Rumıniya yığmaları yer alıblar. D qrupunun qarşılaşmaları 21-23 aprel tarixlərində keçiriləcək.
AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü M. Frişman isə eyni məkanda oğlanlar arasındakı yarışın D qrupu qarşılaşmalarında supervayzer kimi iş başında olacaq. Aprelin 21-23-ü aralığında keçiriləcək qrupda Estoniya, Fransa, Gürcüstan və Ukrayna yığmaları mübarizə aparacaqlar.