“Neftçi” İSM böyük uğurlara imza atıb

“Neftçi” İSM böyük uğurlara imza atıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən "Neftçi” İdman-Sağlamlıq Mərkəzi daim dövlətimizin idman sahəsində apardığı siyasətə öz əməli ilə dəstək verməyə çalışan qabaqcıl təşkilatlardandır. Mərkəz mütəmadi olaraq neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, mərkəz peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır.
Bu ilin doqquz ayı "Neftçi” İSM üçün uğurlu olub. Mərkəzin strukturunda fəaliyyət göstərən qurğularda idmanın 34 növü üzrə 183 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 500-ə yaxın neftçi idmanla məşğul olub.
"Neftçi” İSM fəaliyyətinin əsas istiqaməti kimi, ARDNŞ strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atıb. 2013-cü ilin doqquz ayı ərzində voleybol, mini-futbol (Novruz bayramına həsr olunmuş turnir), "Səmti müəyyən etmə” (bu növdə neftçilər üç tədbirdə iştirak ediblər: "Neftçi” İSM-in təşkil etdiyi birincilik, respublika çempionatı (3-cü yer) və Finlandiyada keçirilən beynəlxalq turnir), şahmat (ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş turnir) və "Atam, anam və mən” (1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub keçirilib ki, bu yarışlara da 461 neftçi qatılıb.
İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr - Neftçilər Günü) ərəfəsində təşkil olunan Spartakiadadır. Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXI Spartakiadası keçirilib. Tədbirdə 40 müəssisənin komandalarının tərkibində 1280 nəfər iştirak edib. Onlardan 240-ı qadın olub. Sentyabrın 9-da start götürmüş və həmin ayın 15-ə qədər davam edən Spartakiada yarışlarında iştirakçılar 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparıblar.
Mərkəzin digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlar əldə edilib. Ötən müddət ərzində idman akrobatikası üzrə mərkəzin açıq birinciliyi keçirilib ki, bu yarışlarda 50-dən artıq yeniyetmə və gənc öz bacarığını nümayiş edib.

Azərbaycanın müstəqillik dönəmindən indiyə qədər idmançılarımız Atlanta, Sidney, Afina, Pekin və London olimpiadalarında iştirak ediblər və ölkəmizə medallarla qayıdıblar. Bununla bərabər, mərkəzin yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq, ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaldırlar. Təkcə bu ilin doqquz ayı ərzində idmançılarımız 1230 medal qazanıblar ki, onlardan da 525-i qızıl, 308-i gümüş, 397-si bürüncdür. Buyaxınlarda Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında "Neftçi” İSM-in təmsilçisi Elxan Məmmədov dünya çempionu titulunu qazanıb.
Mərkəzdə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunub. Belə ki, futzal komandamız sonuncu Azərbaycan çempionatında 3-cü yerə çıxıb. Bundan əlavə, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən "Qaradağ Lökbatan” komandası çempionatı 2-ci yerdə başa vurub. "Neftçi” İSM-in komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi "Sabahın ulduzları” paytaxt çempionatında çıxışlarını uğurla davam etdirirlər.
Qazandığı yüksək nailiyyətlər sayəsində mərkəz Gənclər və İdman Nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011 və 2012-ci illərdə ardıcıl olaraq altı dəfə "İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Bütün bu göstəricilər "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.
Şübhəsiz, bütün bu yüksək nəticə və göstəriciləri əldə etmək ARDNŞ rəhbərliyinin, şəxsən Rövnəq Abdullayevin idmana göstərdiyi xüsusi diqqət və qayğının sayəsində mümkün olmuşdur. Belə ki, "Neftçi” İSM-in idman qurğuları əsaslı və cari təmir olunmuş, ən müasir idman inventar və avadanlıqları ilə təchiz edilmiş, idmançı, məşqçi və hakimlər müxtəlif beynəlxalq yarışlara, təlim-məşq toplanışı və seminarlara ezam olunmuşlar. Bir sözlə, idmançılarımız üçün hər cür şərait yaradılmışdır və təbii ki, zirvəyə aparan yoldakı qapının açarını da elə burada axtarmaq lazımdır.
Sadıq Sadıqov,
"Neftçi” İSM-in icraçı direktoru,
"Neftçi” PFK-nın prezidenti,
MOK-un İcraiyyə Komitəsinin üzvü, 
əməkdar bədən tərbiyəsi və
idman xadimi