Türkiyənin bədii gimnastika üzrə yığma komandasının üzvləri Bakıda Azərbaycan gimnastları ilə birgə təlim-məşq toplanışı keçirlər. Bakı Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərdə əsasən yeni qaydalar və proqramlarla bağlı məşqlər keçirilir. On gün davam edəcək təlim-məşqlərdə gimnastlar həm də Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırlar.
Bədii gimnastika üzrə mili komandamızın baş məşqçisi Mariana Vasileva təlim-məşqlərin həm Azərbaycan, həm də Türkiyə gimnastları üçün əhəmiyyətli olacağını dedi: "Artıq bir neçə gündür ki, bədii gimnastika üzrə Türkiyə yığma komandasının əsas üzvləri bizim gimnastlarımızla birgə təlim-məşqlər keçirlər. Xatırladım ki, türkiyəli idmançılar bundan əvvəl də Bakıda təlim-məşq toplanışında olublar. Amma həmin vaxt komandanın heyətində iki və ya üç gimnast iştirak edib. Budəfəki məşqlər on gün davam edəcək. Təlim-məşqlərdə, əsasən, gimnastların fiziki, texniki, psixoloji və taktiki hazırlıqları üzərində iş aparılır. Bundan başqa, gimnastlar yeni qaydalar və proqramlarla bağlı məşqlər keçirlər. Təlim-məşq toplanışında məşqçilər heyəti gimnastlara müxtəlif alətlərin düzgün icrası ilə bağlı tövsiyə və tapşırıqlar verirlər. Türkiyəli gimnastlar bizə diqqətlə qulaq asırlar. Bəzən alətləri icra edərkən onlar bəzi səhvlərə yol verirlər. Əlbəttə, növbəti məşqlərdə bu səhvlər üzərində iş aparılır. Bilirsiniz ki, bu ilin əsas yarışlarından biri Avropa çempionatıdır. Aparıcı gimnastika ölkələrinin təmsilçiləri qitə çempionatına ciddi və məsuliyyətlə hazırlaşırlar. Qeyd edim ki, Bakıda təşkil olunan təlim-məşqlərin nəticəsinə görə, çempionatda iştirak edəcək türkiyəli gimnastların adları müəyyənləşəcək. Yeri gəlmişkən qeyd edim ki, Avropa çempionatında Azərbaycan gimnastları fərdi və qrup hərəkətləri üzrə çıxış edəcəklər. Gimnastlarımızın bir neçəsi milli musiqinin sədaları altında bacarıqlarını nümayiş etdirəcəklər”.
Paytaxtımızda təlim-məşq toplanışında olan Türkiyə nümayəndə heyətinin rəhbəri Berfin Serdil Sütçü tanınmış gimnast olub. O, uşaq yaşlarından idmana böyük maraq göstərib. 13 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Berfin Serdil Sütçü bir sıra yarışlarda uğurla çıxış edərək mükafatalayiq yerlər tutub. O, səkkiz il Türkiyə milli komandasının şərəfini qoruyub. Berfin Serdil Sütçü hazırda Türkiyə Gimnastik Federasiyasının Texniki Komitəsində işləyir. Türkiyəli gimnast təlim-məşqlərlə bağlı fikirlərini bizimlə bölüşdü: "Çox sevinirik ki, bizim gimnastlar Bakıda təlim-məşq toplanışındadırlar. Təlim-məşqlərdə əsasən yeni hərəkətlərin qurulması, yeni qaydalarla bağlı məşqlər keçirik. Bakı bizim üçün doğma bir şəhərdir. Burada özümüzü Türkiyədəki kimi hiss edirik. Təlim-məşqlərin keçirilməsi üçün Bakı Olimpiya İdman Kompleksində hərtərəfli şərait yaradılıb. Artıq bir neçə gündür ki, buradayıq. Qeyd edim ki, Azərbaycanda perspektivli gimnastlar var. Gimnastlarınız müxtəlif mötəbər yarışlarda uğurla çıxış edərək mükafatalayiq yerlər tuturlar. Biz hazırda qrup komandasının üzvləri ilə birgə məşqlər keçirik. Fərdi növdə çıxış edən gimnastlarınız Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Bu yarışda onlar uğurla çıxış edərək 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Biz onlarla da birgə məşq keçəcəyik. Hesab edirəm ki, idmançılarımızın Bakıda təlim-məşq keçməsi onların hərtərəfli hazırlığında böyük rol oynayacaq. Qeyd edim ki, biz Azərbaycan gimnastlarını birgə təlim-məşq keçmək üçün Türkiyəyə dəvət etmişik. Yeri gəlmişkən qeyd edim ki, hazırda Türkiyədə bədii gimnastika sürətlə inkişaf edir. Perspektivli gimnastlarımız üzrə çıxmaqdadır. Buyaxınlarda Türkiyə Gimnastika Federasiyasına yeni prezident seçildi. Vaxtilə akrobatika gimnastikası ilə məşğul olan Suat Çelen federasiyasının prezidenti təyin olundu. Onun rəhbərliyi altında federasiyada köklü dəyişikliklər edilib. Federasiya prezidenti ölkəmizdə bu idman növünün inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir. Azərbaycan gimnastlarının təcrübəsindən yararlanmağa çalışacağıq. Məlumdur ki, hazırda Bakıda müasir standartlara uyğun gimnastika mərkəzi inşa olunur. Məndə olan məlumata görə, mərkəz bu ilin sonunadək gimnastikasevərlərin ixtiyarına veriləcək. 2014-cü ildə Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək. Qitə çempionatı yeni mərkəzdə keçiriləcək. Bundan başqa, 2015-ci ildə Bakıda ilk dəfə təşkil olunacaq Avropa oyunlarının proqramına daxil olan bədii gimnastika, idman gimnastikası və batut üzrə yarışlar da məhz Gimnastika Mərkəzində keçiriləcək. İnanıram ki, bu yarışlara Azərbaycan yüksək səviyyədə ev sahibliyi edəcək”.