Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa tennis turnirinin açılış mərasimi olub. Əvvəlcə Ulu Öndər Heydər Əliyev və vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov, Beynəlxalq Tennis Federasiyasının İnkişaf Proqramlarının rəhbəri Vitor Kabral çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar.
Açılış mərasimindən sonra Bakı Tennis Akademiyasının ərazisində salınan padel tennis kortu ilə tanışlıq olub. Ardınca Azərbaycan tennisçisi İlham Baxşəliyev gürcüstanlı rəqibi Nikolos Meparidze ilə qarşılaşıb. İdmançımız hər iki setdə qələbə qazanıb: 6:1 və 6:0.
Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparır. Onlar 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış edirlər.
Yarışa mayın 28-də yekun vurulacaq.