Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib


25 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirildi.
Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, bildirdi ki, gündəlikdə iki məsələnin - 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi üzrə mövzuların müəyyənləşdirilməsi və cari məsələlərin müzakirəsi nəzərdə tutulub.
Birinci məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi üzrə 45 əsas, 15 həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub. Bunu nəzərə alaraq, icraçı direktor, konsepsiya üzrə 15 istiqamətdə 45 mövzunun müəyyənləşdirilməsini təklif etdi. Vüqar Səfərli öncədən müsabiqə mövzularının müəyyənləşdirilməsi üçün Müşahidə Şurasının üzvlərinə və redaksiyalara təkliflərini təqdim etmək üçün müraciət olunduğunu bildirdi. Əldə edilmiş təklif və rəylər Müşahidə Şurasının üzvlərinə təqdim edildi.
Bundan sonra müzakirəyə başlayan Müşahidə Şurasının üzvləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi üçün 15 istiqamət üzrə 45 mövzu müəyyənləşdirdilər.
İclas iştirakçıları cari məsələlərin müzakirəsi zamanı müsabiqə şərtləri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar fikir və mövqelərini bildirdilər. Qərara alındı ki, müsabiqə müddəti ərzində telekanallarda və müxtəlif KİV-lərdə maarifləndirmə işləri aparılsın.