Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında atletika üzrə Azərbaycan çempionatı keçirilib. Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov idmançılarımızı qarşıda nüfuzlu yarışların gözlədiyini və bu səbəbdən ölkə çempionatının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparıblar. Ölkənin ən güclü atletlərinin iştirak etdiyi yarış Krakovda təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyıb.
Eyni zamanda, dünya atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94-cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəm kəsb edib.
Gərginliyi ilə seçilən çempionatının 2-ci günü rekord və maraqlı nəticələrlə yadda qalıb. Belə ki, uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə ilə ölkə çempionu adını qazanıb. Bununla da Nazim Azərbaycan atletika tarixində 8 metr həddinə çatan ikinci idmançı olub.
Xatırladaq ki, burada rekord 1978-ci ildə 8.03 metr göstəricisinə nail olan Vladimir Çepelyova məxsusdur. Kəsgin Abbazsadə 7.83 metr nəticə ilə ölkə çempionatında ikinci yeri tutub. Bu göstərici ilə K.Abbaszadə U 20 və U 23 Azərbaycan rekorduna sahib çıxıb. Kəsgin bu yaş kateqoriyalarında Vladimir Çepelyovun 1975-ci ilə aid 48 illik rekordunu yeniləyib.