Yeniyetmə pəhləvanlarımız Eskişehirə yollanırlar

Yeniyetmə pəhləvanlarımız Eskişehirə yollanırlar


Oktyabrın 30-31-də Türkiyənin Eskişehir şəhərində Türk Dünyası-mədəniyyət günləri çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.
Yarışda Türkiyə, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Bosniya və Hersoqovina, Gürcüstan, Makedoniya və Türkmənistan güləşçiləri ilə yanaşı, Azərbaycan idmançıları da iştirak edəcəklər.
Yeniyetmələrdən ibarət yığma komandanın məşçqiləri Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə 8 güləşçimiz qüvvəsini sınayacaq. Komandamızın heyətində Əliabbas Rzazadə (42 kq), Sabutay Əmişov (46 kq), Əfqan Xaşalov (50 kq), Mahir Əmiraslanov (58 kq), Pənah İlyaslı (63 kq), Ruslan Aslanov (69 kq), Orxan Həsənov (85 kq) və Üzeyir Yusifov (100 kq) yer alıblar.
Turnirin proqramına əsasən, yarışların birinci günündə çəkisi 42 kq, 50 kq, 63 kq, 85 kq olan pəhləvanlar döşək üzərinə çıxacaqlar. Növbəti gün isə 46 kq, 58 kq, 69 kq və 100 kq çəki dərəcəsində güləşçilər mübarizəyə başlayacaqlar.