Ölkə idmanının “Zenit”i

Ölkə idmanının “Zenit”i

"Zenit” İdman Cəmiyyətinin Respublika Şurası ("Zenit” İC RŞ) 1993-cü ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı dövrdən etibarən bu quruma aid olan müəssisə, idarə və təşkilatlarda, bədən tərbiyəsi və idmanın təbliğinə, həmçinin təşkilinə xüsusi diqqət ayrılır. "Zenit” İC RŞ Elektroenergetika və elektrotexnika sənayesi, Metropoliten İşçiləri Həmkarlar İtifaqı Birliyi (HİB), "Bakı Stil Kompanii”, Aviasiya işçiləri, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika komitələri birlikdə bir sıra idman tədbirlərini təşkil edir.

Yarandığı gündən etibarən, "Zenit” İC-in bədən tərbiyəsi kollektivlərinin spartakiadası keçirilir. İdman ocağının fəaliyyəti təkcə paytaxtı əhatə etmir: Sumqayıt və Gəncədə də yerli şuralar fəaliyyət göstərir. Bu cəmiyyətin idmançıları Azərbaycan idmanı tarixində müstəsna rol oynayıblar. Məlumat üçün qeyd edək ki, bu idman ocağında Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə idmançılar yetişir. Hazırda idman cəmiyyətində sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, taekvondo və sambo bölmələri fəaliyyət göstərir. Hər il "Zenit” İC-in atletləri müxtəlif miqyaslı yarışlarda mükafatalayiq nəticələrlə diqqət çəkirlər.
Artıq 2013-cü il sona yaxınlaşır. Arxada qalan müddət ərzində bir çox idman federasiya və qurumları kimi, "Zenit” İC-in də idmançıları öz bacarıqlarını müxtəlif yarışlarda nümayiş etdiriblər. 9 ayın yekunlarına əsasən "Zenit”in idmançıları müxtəlif yarışlarda fəxri kürsünün yüksək pillələrində yer alıblar.
Belə ki, 2013-cü ilin fevral ayında "Zenit” idmançıları boks üzrə Azərbaycan birinciliyində iştirak ediblər. Paytaxtda keçirilən yarışda bu idman cəmiyyətinin iki idmançısı - Rövşən Abdullayev (46 kq) və Samid Əmirov (52 kq) qüvvələrini sınayıblar. Hər iki idmançı ölkə birinciliyini bürünc medalla başa vurub. Elə həmin ay bu idman cəmiyyətinin samboçuları da ölkə birinciliyində iştirak ediblər. Yeniyetmələr və gənclər arasında keçirilən yarışda Yaqub Abdullayevin yetirmələri ilk üçlükdə yer alıblar. Abdulla Rəsulov (100 kq) qızıl, Xəyal Rzayev (48 kq) və Rüstəm Rüstəmli (82 kq) bürünc medala layiq görülüblər.
Martın 4-5-də yeniyetmələr arasında sərbəst güləş üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda iştirak edən idmançılar arasında "Zenit” İC-in təmsilçiləri fərqləniblər. Belə ki, Zəlimxan Vəliyev 58 kq çəki dərəcəsində ölkə birinciliyinin qalibi adını qazanıb. Onun komanda yoldaşı Həsən Qurbanov 46 kq çəki dərəcəsində bürünc medalın sevincini yaşayıb. Yunan-Roma güləşi üzrə birincilikdə isə Kənan Vəliyev (50 kq) gümüş, Nofəl Babayev (42 kq) bürünc medala sahib çıxıblar. Martın 7-8-də sərbəst güləş üzrə gənclər arasında ölkə birinciliyi təşkil olunub. "Zenit” İdman Cəmiyyətinin təmçilçiləri də bu yarışlarda iştirak ediblər. İki gün davam edən turnirdə Ayaz Abdullayev (50 kq) ikinci, İsrafil Məlikov (96 kq) üçüncü yerlə kifayətlənib.
Sərbəst güləşçilərin mübarizəsindən sonra yunan-Roma güləşçiləri qüvvələrini sınayıblar. Həmin birincilikdə Ceyhun Əliyev 74 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub.

Ümumiyyətlə, "Zenit” İC-in pəhləvanları qatıldıqları bütün yaırışlarda ilk üçlükdə yer alırlar. Aprelin 18-19-da Bakıda keçirilən yunan-Roma güləşi üzrə Federasiya kubokunda da belə olub. Həmin yarışda qurumu təmsil edən idmançılar arasında 4 güləşçi medal qazana bilib. 76 kq çəki dərəcəsində mübarizə aparan "Zenit”in üzvü İslam Abbasov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qurumun digər üzvləri Zahid Ələkbərzadə ikinci, Şamo Süleymanov və Nofəl Babayev isə üçüncü yeri tutublar.
İl ərzində ölkəmizdə keçirilən daha bir beynəlxalq turnir may ayına təsadüf edib. 9 May Qələbə Gününə həsr olunmuş boks üzrə beynəlxalq yarışda Taleh Rəcəbli (49 kq) və Araz Qulamzadə (60 kq) gümüş medala yiyələniblər. Alxan İsmayılov (64 kq) isə beynəlxalq turniri üçüncü yerdə başa vurub.
Mayın 18-19-da paytaxtda keçirilən yeniyetmələr arasında sərbəst güləş yarışı da "Zenit” üçün uğurlu olub. Qurumu təmsil edən idmançılar arasında 5 güləşçi fərqlənib. Əli Hüseynov (54 kq) və Turxan Qurbanov (85 kq) yarışı ikinci pillədə başa vurublar. Fərrux Əliyev (42 kq), Taleh Məmmədov (54 kq) və Şəhriyar Mehdiyev (76 kq) bürünc medal qazanıblar. "Zenit” İC-in yeniyetmə güləşçiləri yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində də fərqlniblər. Mayın 20-21-də paytaxtda keçirilən yarışda İslam Abbasov (76 kq) yaşıdları arasında Azərbaycan çempionu adını qazanıb. Zahid Ələkbərzadə (58 kq) və Elməddin Əsədov (85 kq) gümüş medal əldə ediblər. Şamo Süleymanlı (58 kq) və Nofəl Babayev (42 kq) birinciliyi bürünc medalla başa vurublar. May ayının 21-22-də Bakıda keçirilən yeniyetmələr arasında güləş üzrə beynəlxalq turnirdə sərbəst güləş üzrə Emin Nəcəfzadə 66 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.
Qeyd edildiyi kimi, "Zenit” İC-in idmançıları təkcə ölkədaxili yarışlarda deyil, beynəlxalq arenalarda da onlara bəslənən ümidləri doğruldublar. Ölkə hüdudlarından kənarda keçirilən yarışlar da nəticəsiz qalmayıb.
Yeniyetmələr arasında Dağıstanda keçirilən beynəlxalq güləş yarışında "Zenit” İC-in idmançısı ölkəmizi layiqincə təmsil edib. Yeniyetmə güləşçimiz Fərrux Əliyev (42 kq) turniri bürünc medalla başa çatdırıb.
"Zenit” idmançıları təkcə boks və güləş idman növləri üzrə tanınmırlar. Bu idman ocağının təmsilçisi taekvondo üzrə keçirilən "A” kateqoriyalı beynəlxalq yarışda uğurlu nəticə ilə yadda qalıb. Belə ki, iyunun 1-2-də Avstriyanın İnsbruq şəhərində keçirilən beynəlxalq turnirdə Bəxtiyar Həsənov (49 kq) ölkəmizə bürünc medal qazandırıb. İyunun 11-12-də Rusiyanın Krasnodar vilayətində keçirilən boks üzrə beynəlxlq yarışda "Zenit” İC-in iki üzvü medalçılar sırasında yer alıb. Araz Gülməmmədov (60 kq) qızıl, Rövşən Abdullayev isə gümüş medal qazanıb.
İyun ayında Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yunan-Roma güləşi üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyi də uğurla yada qalıb. Ölkəmizi yarışda təmsil edən idmançılar arasında "Zenit” İC-in pəhləvanı İslam Abbasov mükafata layiq görülüb. Yeniyetmə güləşçimiz qitə birinciliyinin bürünc medalına layiq görülüb.
İyun ayında Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Yay Universiadasını da bu idman cəmiyyətinin yetirməsi üçün uğurlu yarış hesab etmək olar. Olimpiya oyunlarından sonra planetin ikinci ən böyük idman tədbiri olan universiadada "Zenit” idman cəmiyyətinin üzvü Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxdı. Universiadadan qayıtdıqdan sonra Cəbrayıl daha bir beynəlxalq turnirdə iştirak edib. Polşanın Spala şəhərində Zaçlov Ziakovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə sərbəst güləşçimiz bürünc medalla kifayətlənib.
Avqust ayında "Zenit” İC-in yetirməsi Ceyhun Əliyev nüfuzlu turnirdə çıxış edib. Bolqarıstanın Sofiya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatı Ceyhun üçün uğurlu olub. 76 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi Sofiyada fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Serbiyada keçirilən güləş üzrə yeniyetmələrin dünya birinciliyi də "Zenit”in yetirmələri üçün əlamətdar olub. Belə ki, bu idman ocağının təmsilçisi İslam Abbasov 76 kq çəki dərəcəsində dünyanın ən güclüsü olub.
"Zenit” idmman ocağının taekvondoçuları da beynəlxalq yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırıblar. Avqustun 22-25-də Rumıniyada keçirilən Avropa birinciliyi daha yaddaqalan olub. 57 kq çəki dərəcəsində tatamiyə çıxan Nicat Əsgərli bütün rəqiblərini məğlub edərək himnimizi səsləndirib. Bu qurumun yarışda mübarizə aparan digər təmsilçisi Bəxtiyar Həsənov isə V yerlə kifayətlənib.
Elə həmin ay Serbiyada yeniyetmə güəşçilər arasında dünya birinciliyi keçirilib. Sərbəst güləşçilərin mübarizəsində iştirak edən Turxan Qurbanov (100 kq) çempionatı üçüncü pillədə başa vurub.
Buyaxınlarda "Zenit” İC-in yetirmələri Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə çıxış ediblər. Sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən respublika turnirində Əfqan Xaşalov (50 kq) qızıl medala layiq görülüb. Bu idman ocağının digər təmsilçiləri Sübhan Muradov (54 kq), İntiqam Əliyev (58 kq), Xalid Əlizadə (69 kq) üçüncü yeri tutublar. Yunan-Roma güləşçilərinin yarışında isə Nofəl Babayev bürünc medala yiyələnib.
Hövsan Olimpiya İdman Kompleksində keçirilən "Hünər meydanı” respublika seçim turnirini də "Zenit” İC-in təmçlçilər üçün uğurlu saymaq olar. Belə ki, bu cəmiyyətin üzvləri Ayaz Abdullayev (55 kq) və Turxan Qurbanov (96 kq) "Hünər meydanı”nda üçüncü yeri tutublar. Yunan-Roma güləşçilərinin yarışında isə nəticə daha yaxşı olub. 84 kq çəki dərəcəsində yarışan İslam Abbasov birinciliyi əldən verməyib. Ən ağır çəki dərəcəli idmançıların mübarizəsində isə İlqar Əmirov (120 kq) üçüncü yerə çıxıb.
İdman ocağının uğurları bunula yekunlaşmayıb. Oktyabrın 18-20-də Rusiyanın Xasayvurd şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Cəbrayıl Həsənov fərqlənib. Aslan Ağayevin yetirməsi olan Cəbrayıl 74 kq çəki dərəcsində gümüş medala sahib çıxıb.
"Zenit” İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVI Respublika Spartakiadası da keçirilir. Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmək, bədən tərbiyəsi və idman yarışlarını daha yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarət olub. Oktyabrın 10-dan start götürən spartakiadada iştirakçılar 10 idman növü üzrə - futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı üzrə yarışırlar. Artıq spartakiadada mini futbol, voleybol və kəndirdartma üzrə yarışlar başa çatıb. Mini futbol yarışlarında Metropoliten işçiləri HİB komandası birinci yerə layiq görülüb. Aviasiya işçiləri HK RK ikinci, Avtomobil nəqliyyatı və təsərrüfatı komandasının təmsilçiləri isə üçüncü yeri tutublar. Voleybol üzrə təşkil olunan yarışların qalibi adını Avtomobil nəqliyyatı və təsərrüfatı komandası qazanıb. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq, Metropoliten işçiləri HİB və Müdafiə sənayesi işçiləri Hİ RK komandaları tutublar. Kəndirdartma yarışlarında isə Müdafiə sənayesi işçiləri Hİ RK birinciliyi əldən verməyib. Aviasiya işçiləri HK RK ikinci, Bakı Stil Kompani komandası isə üçüncü yeri tutub. Spartakiadanın ümumi komanda birinciliyində ilk üç yeri tutan iştirakçılar xatirə kubokları və diplomlarla mükafatlandırılıblar. Ayrı-ayrı növlərdə isə I yeri tutan iştirakçılar "Zenit” İC RŞ-nın müvafiq dərəcəli diplomları və qiymətli hədiyyələrlə təltif olunublar.
Azər Əlizadə