Oktyabrın 30-31-də Türkiyənin Eskişehir şəhərində Türk Dünyası mədəniyyət günləri çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.Yarışda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bosniya və Hersoqovina, Gürcüstan, Makedoniya, Türkmənistan idmançıları ilə yanaşı, Azərbaycan pəhləvanları da güclərini sınayıblar. Yeniyetmələrdən ibarət yığma komandanın məşçiləri Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında ölkəmiz 8 güləşçi ilə təmsil olunub.
Komandamızın heyətində mübarizə aparan 8 güləşçidən 5-i mükafatçılar sırasında yer alıb. Belə ki, yeniyetmə güləşçilərimizdən Əliabbas Rzazadə (42 kq), Sabutay Əmişov (46 kq) və Əfqan Xaşalov (50 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər iki idmançımız - Mahir Əmiraslanov (58 kq) və Pənah İlyaslı (63 kq) isə gümüş medala layiq görülüblər.