
Noyabrın 3-də "Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin ("Lokomotiv” İSM) güləş zalında mərkəzin açıq birinciliyi keçirilib. Birincilikdə "Lokomotiv” İSM-in 150, paytaxtın və bölgələrin isə 200-ə yaxın sərbəst güləşçisi mübarizə aparıb. Yeniyetmələr 10, uşaqlar isə, 15 çəki dərəcəsində yarışıblar. "Lokomotiv” Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən İsmayılovun qəzetimizə verdiyi məlumata görə, birincilik gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. "Açıq birincilik yüksək səviyyədə təşkil olunmuşdu. Kütləvilik təmin edilmişdi. Yarışda ümumilikdə 350 sərbəst güləşçi gücünü sınadı. Əsas məqsədimiz güləşin uşaqlar və yeniyetmələr arasında inkişafına nail olmaq idi. Həmçinin bu yaş qruplarında fərqlənən güləşçilərdən yığma komandamız hazırlanacaq. Hesab edirəm ki, belə turnirlər güləşçilərin təcrübə qazanması baxımından da əhəmiyyət kəsb edir”, - deyə Elşən müəllim bildirdi. Açıq birincilik başa çatdıqdan sonra qaliblərə və mükafatçılara "Lokomotiv” İSM-in diplom və medalları təqdim olunub.