Olimpiya Oyunları təkcə yüksək nailiyyətlərin qazanıldığı bir idman yarışı sayılmır. Dünyanın ən böyük idman tədbirlərində baş verən qeyri-adi və bəzən də qorxulu anlar olimpiadanı daim diqqət mərkəzində saxlayır. “Olimpiya dünyası”qəzeti bu dəfə də ənənəsinə sadiq qalaraq, çoxsaylı oxucularına Olimpiya Oyunları barədə maraqlı faktları təqdim edir.
Hiyləgər planın qurbanı olan
idmançı
Olimpiya Oyunlarının tarixində idmançıların diskvalifikasiya edilməsi də kifayət qədər olub. Belə ki, 1976-cı ildə Kanadada keçirilən Olimpiya Oyunları böyük qalmaqal və beşnövçülük üzrə sovet millisinin diskvalifikasiyası ilə tarixə düşüb. Məsələ burasındadır ki, sovet millisinin ən yaxşı qılıncoynadanı olan Boris Onişenko hiyləgər planı ilə hakimləri aldadıb, rəqib üzərində qələbə qazanmağa cəhd etmişdi. Belə ki, idmançının qılıncının tutacağına xüsusi bir düymə yerləşdirilmişdi. Qılıncoynadan həmin düyməni sıxdığı zaman cərəyan vasitəsi ilə hakimlərin lampasının işığı yanırdı. Hakimlərin bu lampasının yanması isə onun rəqibə toxunması anlamına gəlir. İlk baxışda B.Onişenkonun bu planı ideal kimi görünsə də, idmançı nəticədə öz “qazdığı quyuya düşdü”. Belə ki, o, səhv edərək, qılıncı rəqibə toxunmadan düyməni sıxdığı üçün planı alt üst oldu. Nəticədə, idmançının hiyləgər planı aşkar edildi və o, nəinki yarışlardan diskvalifikasiya edildi, hətta SSRİ-də belə bütün mükafatları ləğv olundu və idmandan kənarlaşdırıldı.
Finişə avtomobillə gələn idmançı
1904-cü ildə Sent-Luisdə (ABŞ) təşkil olunan Olimpiya Oyunları tarixin ən qəribə oyunları hesab olunur. İlk olaraq qeyd edək ki, ümumiyyətlə, olimpiadanın keçirilməsi Çikaqoda nəzərdə tutulmuşdu. Lakin ABŞ prezidentinin göstərişi ilə bu baş vermədi. Bundan əlavə marafonda gözlənilməz qalmaqal yaşanmışdı. Belə ki, yarış günü yol qumlu və enişli yoxuşlu olduğu üçün iştirakçıların yarısından çoxu finişə gəlib çata bilməmişdi. Həmçinin marafon yolu fərdi evlər yerləşən ərazidən keçdiyindən idmançıların bəziləri itlərinin hücumuna məruz qalmışdılar. Hətta bir atlet arxası ilə qaçan itlərdən canını qurtarmaq üçün qarğıdalı sahəsində gizlənmişdi. Marafonun qalibi isə Frederik Lorz oldu. Amma idmançı bu qələbəni ədalətli yolla əldə etməmişdi. Belə ki, marafon bitəndən sonra məlum oldu ki, F.Lorz finişə avtomobillə çatıb. Məsələ orasındadır ki, yarışın əvvəlində idmançı ayağını zədələmişdi və yoldan keçən azarkeş də idmançını avtomobilə əyləşdirərək, finişə qədər gətirmişdi. Atlet finiş xəttinə 8 kilometr qalmış nəqliyyat vasitəsindən enərək, qalib kimi yarışı tamamladı.
Hakim səhvləri ilə yadda qalan
olimpiada
Olimpiya Oyunları tarixində 1932-ci ilsə Los-Anceles şəhərində keçirilən olimpiada “hakim səhvləri olimpiadası” adı ilə yaddaşlara həkk olub. Həmin Olimpiya Oyunlarında mübarizələr zamanı hakimlər çox sayda səhvlərə yol veriblər. Lakin bu səhvlərdən ən kobudu həmişəlik Olimpiya Oyunları tarixində qalacaq. Belə ki, Oyunlar çərçivəsində 3 min metr məsafəyə qaçış yarışlarında hakim gözlənilmədən postunu tərk etdi. Bu səbəbdən marafon iştirakçıları bir dairə əlavə qaçmaq məcburiyyətində qaldılar. Həmçinin 200 metr məsafəyə qaçış yarışlarında qalib olan idmançı qaçış zolağının yanlış qoyulması səbəbi ilə iki metr az qaçmışdı.
Qanlı yaddaş
Olimpiya oyunları tarixinin ən qanlı səhifəsi isə 1972-ci il sentyabrın 5-də Almaniyada keçirilən yarışlar olmuşdu. Belə ki, həmin vaxt terrorçular İsrail heyətinin iqamətgahına daxil olaraq İsrail millisinin iki üzvünə atəş açaraq qətlə yetirib, daha on idmançısını isə əsir götürmüşdülər. Terrorçular İsraildə həbsdə olan ərəb əsrlərin həmçinin Avropa həbsxanalarında cəza çəkən İsrail vətəndaşlarının azadlığa buraxılmasını tələb edirdilər. Vəziyyətin gərgin olmasına baxmayaraq, İsrail dövləti bu tələbləri yerinə yetirməkdən imtina etmişdi. Bununla da, polislər əsrləri azad etmək üçün əməliyyata başladılar. Amma təəssüf ki, əməliyyat uğurla yekunlaşmadı və bütün əsrlər qətlə yetirildi. Lakin yaşanmış belə bir faciəyə baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Oyunları davam etməsi barədə qərar vermişdi.
Olimpiya Oyunlarına qurban gedən
göyərçinlər
1900-cü ildə Fransanın paytaxtı Parisdə II Yay Olimpiya Oyunları təşkil olundu. Təşkilatçılar oyunların proqramına yeni idman növü əlavə etmək qərarına gəldilər. Qəribə görünsə də, bu, göyərçinlərə atəş açmaq növü idi. Nəticədə isə yarış bitdikdən sonra azarkeşlərin əyləşdiyi tribunalar göyərçin lələkləri və cəsədləri ilə dolu idi. Buna baxmayaraq, bu idman növü 1908-ci ilə qədər Olimpiya növü kimi proqramda qaldı. Daha sonra isə təşkilatçılar həmin idman növünü göyərçinlərə qarşı qəddarlıq olduğunu bildirərək, olimpiadanın proqramından çıxardılar.
Olimpiya
parkında terror
1996-cı ildə dördilliyin zirvə yarışı Atlantada keçirilirdi. Lakin yarış təşkilatçıları xeyli səhvə yol vermişdi. Amma bu səhvlərdən ən dəhşətlisi terrorun baş verməsi oldu. Belə ki, partlayıcı qurğu insanların olduğu Olimpiya parkında işə düşmüşdü. Nəticədə, iki nəfər həlak oldu, yüz nəfərdən çox insan xəsarət aldı. Araşdırmadan sonra partlayıcı qurğunu dəmir boruya bərkidildiyi məlum oldu. Bu hadisə bütün dünyaya səs saldı. Hadisəni törədən şəxs isə bir ildən sonra daha bir terror hadisəsi törətdikdən sonra saxlanıldı.
Ən bahalı Olimpiya Oyunları
Olimpiya Oyunları yetərincə bahalı bir idman tədbiridir. Ən bahalı Oyunlardan biri də 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən yarış oldu. Belə ki, dövlət oyunların keçirilməsinə 40 milyard dollar xərcləmişdi. Məbləğin əsas hissəsi 2001-2008-ci illərdə infrastruktur, ekologiya və nəqliyyat sisteminə ayrılmışdı. 2012-ci ildə Londonda təşkil olunan olimpiadanın keçirilməsi isə Pekindən bir qədər az, yəni 17 milyard dollara başa gəldi. Təxmini bir milyard dollar yalnız yarışların təhlükəsizlik sisteminə ayrılmışdı. Oyunları 40 min polis və hərbi qulluqçu qoruyurdu.
Unikal və kütləvi Olimpiya Oyunları 2004-cü ildə Yunanıstanda təşkil olunmuşdu. Ölkəyə 12 milyard dollara başa gələn Oyunlardan sonra Yunanıstan külli miqdarda borca düşmüşdü. Olimpiya Oyunlarında Yunanıstan üçün də ən vacib amil təhlükəsizlik idi. Belə ki, Oyunları 70 min polis əməkdaşı qoruyurdu.
Qadınların
yarışında qalib
gələn kişi atlet
1936-cı ildə Berlində təşkil olunan Olimpiya Oyunlarında Dora Ratyen qadınlar arasında keçirilən hündürlüyə tullanma yarışlarında dördüncü yerə sahib çıxdı. Lakin bütün dünya üçün qəribə olsa da, 1938-ci ildə Doranın kişi olduğu məlum oldu. Belə ki, idmançının atasının verdiyi məlumata görə, Dora həm kişi, həm də qadın cinsi orqanları ilə doğulub. Doğum zaman isə həkimlər idmançının valideynlərinə qız övladlarının doğulduğunu bildiriblər. Amma buna baxmayaraq, artıq 11-12 yaşında olarkən Dora özünü qız kimi hiss etmədiyini anladı. Nəhayət, 1939-ci ildə atlet rəsmi şəkildə adını Henri Ratyen olaraq dəyişdi. Həmçinin atletin bütün mükafatları ləğv olundu və onun beynəlxalq yarışlarda iştirakı qadağan edildi.
Türkay Niftəliyeva