Şahmat strategiya və intellekt dünyasıdır. Burada hər bir hərəkət dərin düşüncə və ehtiyatlı analiz tələb edib. Bu oyunda manipulasiya və yalanlara yer yoxdur. O bizə dürüstlük və ədaləti öyrədir. Ən yüksək şahmat titulunu daşıyan qrossmeysterlər də bu həyəcanlı oyunun ruhunu daşıyır, yalnız taxta üzərində deyil, açıqlamalarında da dürüst olmağa borcludur. Lakin bu, üç qat Olimpiya çempionu, erməni şahmatçı Levon Aronyana aid deyil.
44 günlük İkinci Qarabağ müharibəsini xatırlayıram, Aronyan bu sözləri söyləmiş və yazmışdı: "silahlarınızı hazırlayın, müharibəyə gedin". Əlbəttə ki, Azərbaycana qarşı döyüşməyə.
Bəs riyazi təfəkkürə malik olan Aronyan fikirləşdimi ki, bu bəyanatı ilə əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyib, Xankəndindəki separatçıları ruhlandırıb və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə öz töhfəsini verib?
Şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq dünyanın hər yerindən insanları birləşdirir. Bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, burada hətta Soyuq Müharibə dövründə də şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.
Əsrlər boyu ermənilərlə azərbaycanlılar yan-yana, mehriban qonşuluq şəraitində yaşamış, birgə çalışmış, sevinmiş, kədərlənmişlər. Lakin 90-cı illərdə erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlüklər” ideyaları qonşularımızın, eləcə də Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin beynini yudu.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın erməni işğalı altında olan ölkənin yeddi rayonunu azad edəndə Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur etdi - Levon Aronyan isə susdu.
Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri, şəhərləri - bütün evlərin, tikililərin xarabalıq qalasına çevrildiyini göstərəndə o susdu. Aronyan Qafqazın Hiroşiması - erməni işğalçıları tərəfindən yer üzündən silinmiş Ağdam şəhəri haqqında bir şey demədi. Dağıdılan və ya tövləyə çevrilən məscid və ibadət evləri haqqında; on minlərlə azərbaycanlının vəhşicəsinə işgəncələrə məruz qalıb, öldürülməsi barəsində; Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə gətirdiyi misilsiz müsibətlər haqqında susmağa, inadla susmağa davam etdi.
İndi danışdı.
O, “Facebook” profilində erməni propaqandasının və dezinformasiyasının sözlərini hərfbəhərf təkrar edərək, Azərbaycana qarşı ittihamlar səsləndirib. O, iddia edir ki, Qarabağ erməniləri “blokadadır, onların nə yeməkləri, nə də dərmanları var”.
Ağdam-Xankəndi yolu işləyirsə, keçid məntəqəsi işlək vəziyyətdədirsə, hər iki istiqamətdə hərəkət edən yüklərə baxış keçirilirsə, hansı “blokada”dan söhbət gedir? Məhz Azərbaycanın səyi ilə həm Ağdam-Xankəndi, həm də Laçın-Xankəndi yolları fəaliyyətə başladı. Qarabağ həm beynəlxalq səviyyədə dünya ictimaiyyəti, həm də son vaxtlar Ermənistan tərəfindən tanınan Azərbaycan torpağıdır. Orada yaşayan ermənilər isə Azərbaycana inteqrasiya etməlidirlər. Və Ağdam-Xankəndi yolunu bağlamaqdansa, Azərbaycan dövlətinin təklif etdiyi yeməkləri qəbul etsinlər.
"Oyanaq, insanlar. Biz susqunluğumuzla bəşəriyyətin əsrlər boyu utanacağı bir şeyin baş verməsinə icazə verə bilmərik. Biz nəslimizə baş verənlər haqqında danışmağı və bu biabırçı vəziyyəti dəyişdirə biləcək insanlara çatmağa borcluyuq", deyə Levon Aronyan yazır.
Tamamilə razıyam, Aronyan, gəlin susmayaq, gəlin Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi əsl soyqırımdan danışaq. Günahsız və silahsız insanların qətlə yetirilməsindən, qocaların güllələnməsindən, süngüyə sancılan körpələrdən, hamilə qadınların diri-diri yandırılmasından, uşaqların döyülərək öldürülməsindən, dağıdılan şəhər və kəndlərdən danışaq. Hələ uzun illər təmizləməli olduğumuz minalanmış ərazilərdən danışaq.
Gəlin səmimi olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etibarının açarıdır. Hər bir yalançı bəyanat şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının reputasiyasına xələl gətirir.
Və unutmayın ki, qrossmeysterlər öz söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər.
Teymur Rəcəbov
Azərbaycan milli komandasının üzvü,
beynəlxalq qrossmeyster