Rusiyalı hokkeyçi həbs olunub

Rusiyalı hokkeyçi həbs olunub

Milli Hokkey Liqasının (MHL) "Kolorado Evelans” klubunda çıxış edən rusiyalı Semyon Varlamov Denver (ABŞ) şəhərində həbs olunub. Hücumçu gənc bir qıza hücum etməkdə təqsirli bilinir. Əgər Varlamovun günahı sübuta yetirilərsə, onu 2 ildən 6 ilədək həbs cəzası gözləyir. Hazırda rusiyalı hokkeyçi həbs edildiyi Denver şəhərinin həbsxanalarının birində saxlanılır. İttham maddəsi rusiyalı idmançının məhkəməyə qədər zaminə buraxılmasına əsas vermir. Semyon Varlamovun həbsi Rusiyada "siyasi gediş” kimi dəyərləndirilib. Rusiya Dövlət Duması hesab edir ki, Soçi-2014 Qış Olimpiya Oyunları ərəfəsində həyata keçirilən həbsin motivləri başqadır.
"Varlamov Rusiya Olimpiya yığmasına əsas namizədlərdən biridir. Mən hokkeyçimizin günahsız olduğuna əminəm. Soçi Olimpiadası ərəfəsində ABŞ hüquq-mühafizə orqanlarının ona qarşı cinayət işi qaldırmasının məqsədi bizə aydındır. Düşünürük ki, Varlamovun həbs olunması onun XXII Qış Olimpiadasına buraxılmaması məqsədilə həyata keçirilib. İttihama görə, Semyon Varlamov, ən azı, 2 il azadlıqdan məhrum oluna bilər. Bu isə təcrübəli hücumçunun Soçidən kənarda qalması deməkdir”, - deyə Dövlət Dumasının Bədən tərbiyəsi və idman komitəsinin sədri İqor Ananski bildirib. O əlavə edib ki, Rusiya Dövlət Duması bu məsələni nəzarətdə saxlayır və hokkeyçinin azad olunması üçün lazımı tədbirlər görəcək.
Qeyd edək ki, rusiyalı hokkeyçinin əl qaldırdığı gənc qız, başqası deyil öz həmyerlisi və nişanlısı, rusiyalı model Yevgeniya Vavrinokdur.