Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanova Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (ISHOF) Su İdmanı Mükafatı təqdim olunub.
Azərbaycan Üzgüçülük Federasiyasın mətbuat ximətindən verilən məlumata görə, qurum hər il su idmanının inkişafına böyük töhfələr verən şəxsləri və ya təşkilatları mükafatlandırır.
Bu ilin qalibləri sırasında rəqabətli üzgüçülük üzrə Mayk Ancer, dalğıc idman növü üzrə Elli Smart, bədii-sinxron üzgüçülük üzrə Maria Xose Bilbao Brunel, su təhlükəsizliyi üzrə Cullen Cons və istirahət üçün üzgüçülük üzrə Sofiya Forte, su solosu üzrə isə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti M.Koqanov da var. Mükafatların təqdimetmə mərasimi Beynəlxalq Üzgüçülük Şöhrət Zalının ABŞ-ın Florida ştatının Fort Lauderdeyl şəhərində yerləşən qərargahında keçirilib.
Mark Koqanov su polosu karyerasına 1982-ci ildə idmançı kimi Azərbaycan milli komandasının tərkibində başlayıb. Daha sonra o, su polosu hakimi olub və 1998-ci ildən bu günə qədər 300-ə yaxın beynəlxalq oyun və ABŞ-ın müxtəlif konfranslarında 1500-dən çox kollegial matçda hakimlik edib. M.Koqanov su idman növləri üzrə çoxsaylı vəzifələrdə, o cümlədən su polosu yarışlarının direktoru, su yarışlarının meneceri, həmçinin bu idman növündə inzibati vəzifələrdə çalışıb. O, 2012-ci ildən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentidir. M.Koqanov 2016-cı ildən Avropa Su İdmanı Federasiyasının üzvüdür. O, həmçinin 2017-2022-ci illərdə FINA Su Polosu Texniki Komitəsinin sədr müavini olub.