“Qalib gələcəyimizə inanırdım”

“Qalib gələcəyimizə inanırdım”


Otüstü hokkey üzrə Azərbaycan çempionatları və birincilikləri başa çatıb. Yüksək dəstəsdə mübarizə aparan kişi otüstü hokkey klublarının açıq çempionatında son tur ərəfəsində turnir cədvəlində çox mürəkkəb vəziyyət yaranmışdı. Rusiyanın Azov şəhərini təmsil edən "Tana” komandası son oyun ərəfəsində 38 xalla I yerə qalxmışdı. Rəqibindən 1 xal geri qalan 5 qat Azərbaycan çempionu "Akkord” isə cəmi 1 gün II yerə enmişdi. Son turda liderlərin görüşü bütün məsələlərə aydınlıq gətirməli idi. Gərgin və maraqlı keçən qarşılaşmada şirkət təmsiçiləri 3:2 hesabı ilə qələbə qazanmağı bacarıblar. Çempionatın "Ən sərrast hücumçusu” adına layiq gorülən(32 qol) Saleh Balamiyevin 2 -i, Rüfət Şükürovun isə vurduğu 1 qol "Akkord”un güclü olduğunu bir daha sübut edib. Feyzulla Rəhimbəyovun baş məşqçilik etdiyi bu komanda 6-cı dəfə (4 dəfə ardıcıl) qızıl medallara sahib çıxıb. Çempionatın son günündə elə bir prinsipial əhəmiyyət kəsb etməyən "Atasport”(Bakı) -”Şahdağ” (Qusar) qarşılaşmasında III yeri vaxtından əvvəl təmin edən paytaxt hokkeyçiləri 2:0 hesabı ilə qələbə qazanıblar. "Şahdağ” 9 xalla IV, aktivində 3 xalı olan "Gənclik” (Sumqayıt) isə sonuncu-V yeri tutub.

Çempionat başa çatdıqdan sonra "Akkord”un məşqçisi Tofiq Rəhimbəyov redaksiyamızın qonağı oldu. O, növbəti çempionatın gedişatı, gələcəkdə çıxış edəcəkləri turnirlər barədə ətraflı danışdı. "Çempion olacağınıza inanırdınızmı?” sualını məşqçi belə cavablandırdı: "Komandamız sabit oyun göstərir. İldən-ilə qazanılan təcrübə də öz sözünü deyir. Bildiyiniz kimi, "Akkord” buna qədər beş dəfə ölkə çempionu adını qazanmışdır. Builki çempionluğumuz isə 6-cı (ardıcıl 4-cü) oldu. Qalib gələcəyimizə inanırdım. Çempionatda keçirdiyimiz 16 oyunun 12-də qələbə qazandıq. 4 görüş isə heç-heçə başa çatdı. Finalda Rusiyanın "Tana” klubu ilə qarşılaşdıq. Birinci dövrdə bu komanda ilə keçirdiyimiz birinci oyunda 3:0 hesabı ilə qələbə qazandıq. İkinci görüş heç-heçə başa çatdı -2:2. İkinci dövrənin birinci oyunu da bərabər bitmişdi - 3:3.
Son oyun ərəfəsində "Tana” komandası turnir cədvəlinin birinci pilləsinə qalxmışdı. Aramızda 1 xal fərqi var idi. Final görüşü kimin daha güclü olduğuna aydınlıq gətirəcəkdi. Şadam ki, həlledici qarşılaşmada yetimələrim öz sözlərini dedilər. "Akkord” 3:2 hesablı qələbə qazanmaqla altıqat Azərbaycan çempionu oldu. Komandamızı təbrik edir, onların hər birinə öz təşəkkürümüzü bildirirəm. Hesab edirəm ki, komandamızda olan nizam-intizam, mehriban münasibət də qələbə qazanmağımızda həlledici rol oynayır. Bizə yaradılan şəraitə görə "Akkord” Şirkətlər Qrupuna, Azərbaycan Ötüstü Hokkey Federasiyasının rəhbərliyinə minnətdaram”.
Onu da deyə ki, "Akkord”un 6-cı dəfə çempion titulunu əldə etməsində komandanın aparıcı üzvü Saleh Balamiyevin xüsusi xidməti var. Belə ki, ölkə çempionatının "Ən sərrast hücumçusu” nominasiyasında qalib gələn Saleh bu il 32 qolun müəllifi olub. Qeyd edək ki, 15 yaşınadək oğlanların mübarizəsi də, "Akkord”un (Sumqayıt) çempionluğu ilə başa çatıb. Əməkdar məşqçi Ramiz Əliyevin rəhbərlik etdiyi yeniyetmələr 8 komanda arasında liderliyə yüksəliblər. Sumqayıtlı "Akkord”çular çempionatın qızıl medallarını vaxtından əvvəl özlərinə təmin ediblər. Məlumat üçün deyək ki, gələn il 15-16 yaşlı otüstü hokkeyçilərin Avropa çempionatı keçiriləcək. Qitə turnirində yarışacaq komandamız yaxın günlərdə təşkil olunacaq.
Altıqat Azərbaycan çempionu "Akkord” da 2014-cü ildə qitə miqyaslı yarışda gücünü sınayacaq. Tofiq Rəhimbəyovun dediyinə görə, komanda "Çellenc-I” yarışlarında əzimkar mübarizə aparmaq niyyətindədir. Gələn ilin iyun ayında Avropanın ən güclü otüstü hokkey klubları Çexiyanın paytaxtı Praqada toplaşacaqlar. Öz ölkələrinin çempionları Praqada "Çellenc-I” turnirində yarışacaqlar. ""Akkord” ötən il "Çellenc-II” turnirinin qalibi kimi daha yüksək mərhələdə - "Çellenc-I” turnirində mübarizə aparmaq hüququ əldə edib. Öz qrupumuzda İsveçrə, Belarus və Çexiya çempionları ilə qarşılaşacağıq. Şübhəsiz ki, qalib gəlmək asan olmayaca. Bununla belə əminəm ki, bu turnirdə birincilərin sırasında yer alacağıq. Biz Avropa miqyaslı yarışda qalib gəlmək, ölkəmizin idman şərəfini ləyaqətlə qorumaq arzusundayıq.