İdmanın maliyyələşmə modelləri

İdmanın maliyyələşmə modelləri


Dövlət - özəl sektorlarında birgə hazırlanan müxtəlif lahiyələr, o cümlədən çoxillik proqramlar çərçivəsində bədən tərbiyəsi və idman sistemlərini qurub fəaliyyət göstərən bir neçə aparıcı idman dövlətləri barədə məlumat vermək istərdik.Ümid edirik ki, informasiya xarakteri daşıyan bu yazı idman mütəxəssiləri və oxucular üçün maraqlı olacaq.


İmdanı kim və necə maliyyələşdirir?
Kütləvi idmanın və yüksək idman nəaliyyətlərinin müxtəlif ölkələrdə maliyyələşdirilməsi sxemləri müxtəlifdir. Bu istiqamətdə ekspertlər iki maliyyələşdirmə modelini əsas götürürlər: Amerika və Avropa modeli. Bunların arasında əsas fərq ondan ibarətdir ki, biri dövlət büdcəsinə praktiki olaraq söykənmir, yəni özəl sektorun investisiyaları əsasında fəaliyyət göstərir. Digərində isə (Avropa və Çin modeli), əksinə, əsas payçı kimi dövlət büdcəsi rol oynayır. Eyni modelin tədbiqində bir çox Asiya və Latın Amerikası dövlətlərinin də adını qeyd etmək olar.

Oxşarlıq və fərqlər

Mövcud olan bütün modellərin ümumi əlamətləri uşaq-gənclər idmanının və sağlamlıq hərəkatının yerli büdcələr tərəfindən maliyyələşməsidir.Bununla da oxşarlıq başa çatır və biz görürük ki, dünyada lider olan Amerika idmanı heç də dövlət büdcəsindən maliyyə dəstəyi almağa səy göstərmir. Əksinə, bunun müqabilində ABŞ-da bədən tərbiyəsi və idman hərəkatına investisiya qoyuluşunda xüsusi sektor üçün kifayət qədər vergi güzəştləri mövcuddur. Məsələn, ABŞ Milli Olimpiya Komitəsi 1950-ci ildən Konqress tərəfindən vergidən azad olunmuşdur.
Həmçinin Amerika hökuməti idman təşkilatlarına avadanlıq və ləvazimatların daxil olması məqsədilə həmin təşkilatları vergidən azad etmişdir.Bu da uşaq və tələbə idmanında kütləvi axına, o cümlədən yüksək idman nailiyyətlərinə kömək edir.
Avropa modeli qarışıq maliyyə prinsipləri əsasında qurulub ki, bu zaman dövlətin payı idman sahəsinin maliyyələşməsinin böyük bir hissəsini təşkil edir. Avropanın maliyyələşmə modeli sxeminə bir çox Asiya və Latın Amerikası dövlətləri daha yaxındır. Kütləvi və uşaq-gənclər idmanının inkişafına qeyd olunan dövlətlərin bələdiyyə və yerli büdcə təşkilatları eyni miqdarda vəsait xərcləyir (təxminən ümumi xərcin 1-3 faizi). Yüksək idman nailiyyətlərinə isə dövlətlərin maliyyə qoyuluşu bir-birlərindən nəzərəçarpacaq dərəcədə fərqli olur.
Məsələn, alman və fransız idmançılarının Olimpiya oyunlarında iştirakı üçün maliyyə vəsaitləri bu ölkələrin hökumətləri tərəfindən təmin olunur. ABŞ və Böyük Britaniyanın idmançıları isə Olimpiya oyunlarında ayrı-ayrı özəl şirkətlərin və firmaların ayırdığı maliyyə vəsaitləri hesabına iştirak edirlər.
İtaliya idmanı əsasən lotoreya, futbol oyunlarından və totalizatorlardan gələn gəlirdən maliyyələşir.Qeyd olunan analoji maliyyə mənbələrindən Avstriya, Yunanıstan, Danimarka, İrlandiya, Kanada, Portuqaliya, Finlandiya və s. dövlətlərin idman qurumları da istifadə edirlər. Ətraflı təhlil üçün lider dövlətlərin Olimpiya Hərəkatının maliyyələşmə sisteminə ayrı-ayrılıqda nəzər salaq.



Amerika Birləşmiş Ştatları

ABŞ-da 70 milli idman federasiyası fəaliyyət göstərir. Onların büdcəsi üzvlük haqqlarından, xeyriyyə ianələrindən, yarışlarda iştirak üçün ödənilən haqqlardan, idman geyimləri, atributlar, avdanlıqlar və ləvazimatların satışından formalaşır. Uşaq-gənclər və Olimpiya ehtiyatlarının hazırlığı, 18 yaşınadək uşaqların,yeniyetmələrin və gənclərin idmanla məşğul olmaları üçün çəkilən xərclər isə valideynlər tərəfindən ödənilir.20 yaşında olan bir çox idmançılar (tələbələr) üçün əsas məşq yerlərini kolleclər və universitetlər təşkil edir. İdmançı layiqli nəticələr göstərdiyi zaman (bu idmançının gələcəkdə Olimpiya oyunlarında yüksək nəticələr əldə edəcəyi ümidi yaranırsa) idmançının gələcək inkişafını təmin etmək üçün idman növləri üzrə federasiyalar, Milli Olimpiya Komitəsi və müxtəlif sponsorlar bu işə qoşulur. Bundan başqa idman federasiyaları, xüsusilə ümidverici idmançıların qısamüddətli idman düşərgələrində hazırlıq keçmələri üçün sponsorluq vəzifələrini öz üzərlərinə götürürlər.

ABŞ Milli Olimpiya Komitəsi, Olimpiya, paralimpiya və panamerika oyunlarında bu ölkənin milli yığma heyətlərinin iştirakına rəhbərlik edir

Bir çox Milli Olimpiya Komitələrindən fərqli olaraq, ABŞ Milli Olimpiya Komitəsi, daima dövlətdən maliyyə dəstəyi almır (ABŞ ərazisində Olimpiya oyunlarının keçirilməsi istisna olmaqla). Əsas maliyyə dəstəyi işgüzar fiziki və hüquqi şəxslər tərəfindən göstərilir.Sponsor köməyindən başqa, əldə olunan digər gəlirləri, Milli Olimpiya Komitəsi lisenziyalaşdırılan mallardan, öz rəmzlərinin satışından və Olimpiya oyunlarının Amerika fondundan alır. İnvestisiya qoyuluşundan gələn gəlirin 50 faizi bu fond tərəfindən gələcəkdə ölkədə idmanın inkişafı məqsədilə ABŞ-ın Milli Olimpiya Komitəsinə və təşkilatlara qrant şəklində verir.

Böyük Britaniya
Dövlət məktəblərində idman ilə məşğul olmaq üçün çəkilən xərclər dövlət tərəfindən ödənilir

Ölkədə ən əhəmiyyətli təşkilatlar Britaniyanın Olimpiya Assosiasiyası, "Birləşmiş Krallığın idmanı”, "İngiltərə idmanı”, "Şotlandiya idmanı”, Uelsin İdman Şurası, İdman, İnformasiya və Mədəniyyət Nazirliyi və Gənclərin İdman İnkişafı Fondu sayılır.
İdman məşğələləri bu ölkədə məktəbin öz bazasında məhdudlaşmır. Məsələn, üzgüçülük dərsləri şəhər hovuzunda, səmti müəyyənetmə idmanı üzrə məşğələlər isə şəhər parkında və ya şəhərdənkənar ərazidə keçirilir. İdman, İnformasiya və Mədəniyyət Nazirliyi 14 yaşa qədər uşaqların və 60 yaşdan yuxarı olan insanların hovuzlardan pulsuz istifadə etmələrini təşkil edir.Nazirlik həmçinin istedadlı uşaqların məşq proseslərini maliyyələşdirir və peşəkar idmana maddi dəstək göstərir. Ümumtəhsil məktəblərində 1500 saat dərsdənkənar bədən tərbiyəsi dərslərinin maliyyələşdirilməsi məqsədilə nazirlik "Məktəbin idman məşqləri”proqramı çərçivəsində hər məktəbin iştirakçısına illik 21 min funt sterlinq maliyyə vəsaiti ayırır. 2006-cı ildən start götürmüş məktəbyaşlı bacarıqlı idmançılar üçün nəzərdə tutulan "Məktəb oyunları” proqramı özlüyündə çoxşaxəli kompleks idman tədbirlərindən biridir.Bu proqramın həyata keçirilməsi məşqçilərin işlə təmin olunmalarını, həmçinin ayrılmış əlavə saatlar əsasında şagirdlərin fiziki hazırlıq ilə məşğul olmalarını təşkil edir. "İdmana doğru addım” proqramı isə yeniyetmələrin Olimpiya oyunlarında müqavilə və ya könüllü əsasda assisent və texniki mütəxəssis kimi iştirak etmələrinə şəraiti yaradır. Dövlətdən maliyyə dəstəyi və lotoreya oyunlarından 480 milyon funt sterlinq məbləğində vəsaiti alan "İngiltərə idmanı” Olimpiya Hərəkatının inkişafına investisiya qoyur, "Birləşmiş krallığın idmanı”, "İngiltərənin idman lotoreyası fondu” təşkilatları idmana ictimai sərmayə yatırmağa bələdçilik edən 4 idman institutunda tədris alan Olimpiya və dünya çempionlarının hazırlığına nəzarət edir. Müstəqil ictimai təşkilatı olan beynəlxalq və peşəkar liqa oyunlarının keçirilməsi üçün futbol meydancalarının istifadəsinə icazə vəsiqəsi verən Futbol Lisenziya Komitəsi İdman, İnformasiya və Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşir. Dövlət maliyyələşməsindən başqa, idmana maliyyə dəstəyi qeyri-hökumət, kommersiya təşkilatları tərəfindən göstərilir. 2008-ci ildə Böyük Britaniya idmançılarının Pekin Olimpiya Oyunlarında iştirak etmələri üçün lazım olan 1.8 milyon funt sterlinq maliyyə vəsaitinin toplanmasında 90 kommersiya şirkəti iştirak etmişdi.

İspaniya

Olimpiya idman növlərinə dəstək olmaq məqsədi ilə hazırlanan proqram imkan verir ki, bir sıra tədbirlərə özəl kapital cəlb olunsun. Bu, olimpiyaçıların hazırlığına xeyli kömək göstərir

İspaniyanın idman strukturu dövlət və özəl sektorun əməkdaşlığı əsasında bazalaşır. Olimpiya idman növlərinə dəstək olmaq məqsədilə 1988-ci ildə yaradılmış proqram imkan verdi ki, İspaniya Olimipiya tarixində, ilk dəfə olaraq, özəl kapitala və bir sıra iri tədbirlərin maliyyələşməsinə cəlb olunsun. Bu İspaniya olimpiyaçılarının daha da keyfiyyətli hazırlıq keçmələrinə köməklik göstərdi. İdman məsələləri üzrə Dövlət Şurası, İspaniya Olimpiya Komitəsi və Dövlət Teleradio Şirkəti birgə qeyri-kommersiya təşkilatını təsis etdilər. Bununla bərabər İspaniya Olimpiya Hərakatına sponsorluq etmək məqsədilə bu 3 təşkilatın və iri şirkətlərin nümayəndələrindən ibarət Müşahidə Şurası fəaliyyət göstərməyə başladı.14 sponsor təşkilatı Pekin-2008 Olimpiya Oyunlarına yollanan İspaniya Olimpiya heyətinin hazırlıq prosesi keçməsi üçün könüllü maliyyə dəstəyini göstərməklə bağlı birgə sənəd imzaladılar. Əvəzində isə İspaniyada fəaliyyət göstərən transmilli və milli şirkətlərdən ("Coca-Cola”, "EL Corte Ingles”, "ENDESA”, "Grupo Leshe Pascual”, "La Gaixa”, "Telefonica”, "Nozar”, "Caja Madrid”, "Allianz” və s) vergi imtiyazları əldə edərək, milli yığma komandaların loqotiplərindən istifadə etmək hüququ qazandılar. Bu şirkətlər İspaniya Olimpiya Komitəsinin və olimpiya yığmalarına aid olan rəmzlərdə reklamların yerləşdirilməsi huquqlarının əldə olunması müqabilində sponsorluq işlərini öz üzərlərinə götürdülər.
İspaniyada paralimpiya idman növlərinə və uşaq-gənclər idmanına dəstək göstərilməsi üçün oxşar proqramlar mövcuddur

Paralimpiya idman növlərinə dəstək proqramı əsasında 2005-2008-ci Olimpiya dövrü üçün büdcə 10 milyon avro təşkil etmişdi. Uşaq-gənclər idmanına dəstək milli proqramı ( ADE) özündə aşağıdakı məqsəd və vəzifələri birləşdirir:

- Müxtəlif idman növləri üzrə müxtəlif yaş qrupları (uşaq yaşlarından başlayaraq) arasında mütamadi idman yarışlarının keçirilməsi;
- Ölkənin Olimpiya ehtiyatları üçün istedadlı gənclərin müəyyən olunması məqsədilə effektiv sistemin qurulması;
- İbtidai və orta təhsil müəssisələrində bədən tərbiyəsi müəllimlərinin pedağoji səviyyələrinin artırılması.
İdman məsələləri üzrə Dövlət Şurasının, İspaniyanın idman federasiyalarının, şəhər merlərinin, bələdiyyələrin, inzibati muxtar cəmiyyətlərin və müəssisələrin sponsor vəsaitləri hesabına ölkədə uşaq-gənclər idmanının maliyyələşməsi proqramı 4 illik dövrü təşkil edir. Bundan başqa, uşaq-gənclər idmanını "Uşaq-gənclər idmanına dəstək milli proqramı” ( ADE) və idman məsələləri üzrə Dövlət Şurası da maliyyələşdirir. Maliyyələşdirilmə bu cür aparılır:
- Ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr əldə edən məktəb yaşlı idmançılar proqramın təqaüdçüləri olurlar;
- "Uşaq-gənclər idmanına dəstək milli proqramının təqaüdçülərinə idman inventarlarının əldə olunması üçün kuponların verilməsi ilə bərabər, onlar pulsuz ixtisaslaşdırılmış kurslara buraxılış vəsiqəsi də əldə edirlər;
- 2008-ci ildə "Uşaq-gənclər idmanına dəstək milli proqramına” 105 min avro ayrılmışdı. Aylıq təqaüdün bir nəfərə verilməsi məbləği isə, nəticələrin xarakterinə uyğun olaraq, 500-1500 avro arasında dəyişirdi;
- Oxşar proqram ali təhsil müəssisələrində oxuyan idmançılara da şamil olunur.

Avstraliya

Dövlətin tapşırığı ilə Avstraliya İdman Komissiyası (ASC) yerli icra strukturları, milli idman təşkilatları, məktəblər və ərazi ictimai birlikləri ilə sıx əməkdaşlıq edərək milli idman proqramlarını (lahəyələri) maliyyələşdirir
Avstraliyada idmanın inkişafına ümumilli miqyasda bir təşkilat cavabdehlik daşıyır- Avstraliya İdman Komissiyası (AİK). Bu təşkilat maliyyə vəsaitlərini bölüşdürür və idman təşkilatlarının fəaliyyətinə nəzarət edir. AİK büdcə vəsaitləri və biznes fəaliyyətindən əldə olunan gəlir hesabına maliyyələşən hökumət orqanıdır. Avstraliya İdman İnstitutu AİK-in nəzarətindədir. Ölkədə hər bir ştat və ərazinin öz agentlikləri fəaliyyət göstərir ki, onlar da yerlərdə bədən tərbiyəsi və idmana cavabdehlik daşıyırlar. Hər bir ştatın və ərazinin bədən tərbiyəsi və idman üzrə institutu və akademiyası vardır.Bu proqram uşaq-gənclər, əlil idmanının ,idman klublarının inkişafı və məşqçilər heyətlərinin akreditə olunması üçün nəzərdə tutulmuşdur. AİK müxtəlif lahiyələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə qrantlar təsis edir. Məsələn, qadın və qızların idmana cəlb olunması üçün kifayət qədər qrant ayrılır.
Öz mahiyyətinə görə ikinçi dövlət idman təşkilatı olan Avstraliya İdman Fondu (AİF) dövlət və biznes vəsaiti hesabına bədən tərbiyəsi və idmanı maliyyələşdirir. AİF Avstraliyanın idman və qeyri-idman klublarına, məktəblərə, bələdiyyə və idman təşkilatlarına, eləcə də idman idarəetmə müəssisələrinə maliyyə köməkliyi göstərir. Bir çox hallarda AİF bədən tərbiyəsi və idmana yaxından dəstək göstərən özəl strukturlara, həmçinin fərdi iş adamlarına vergi ödəmələrinin həyata keçirmələri məqsədilə imtiyazlar verir. Bundan başqa, AİF idman lahiyələrinin ərazilərdə yerinə yetirlməsinin təşkilati əsaslarını nəzərə alaraq, təqdim olunmuş lahiyələrin dövlət strukturlarında qeydiyyatdan keçirilməsinə yaxından köməklik göstərir. Avstraliyada Olimpiya yığmalarının hazırlıq prosesləri dövlət büdcəsi tərəfindən ayrılmış maliyyə vəsaitlərinə müvafiq olaraq aparılır.

Avstraliyada kütləvi idmanın inkişaf etdirilməsində əsas rolu idman klubları, təşkilatlar, assosiasiyalar və idman növləri üzrə təşkilatlanmış idman assosiasiyalarının yer aldığı ştatlar və ərazilərin icra hakimiyyətlərinin bədən tərbiyəsi və idman departamentləri oynayır

İdmanda əsas rol oynayan bu təşkilatlar yerli büdcə vəsaiti hesabına maliyyələşirlər.
Klublar muxtəlif idman tədbirləri təşkil edir və bu, əsasən, milli miqyasda keçirilən tədbirlərin maliyyələşməsini qəbul edən tərəfin hesabına aparılır. 1981-ci ildən Avsraliyada "Avstraliyanın məktəb idmanı”(AMİ) strukturu fəaliyyət göstərir. Orta hesabla AMİ-nin illik proqramı çərçivəsində 30 milli miqyaslı tədbirlər keçirilir ki,onlardan da ən əsası regionların maliyyə hesabına təşkil olunan Yeniyetmələrin Sakit Okean Oyunlarıdır.
Azərbaycanda da bu gün bütün sahələr ilə bərabər bədən tərbiyəsi və idman sahəsi də sürətlə inkişaf edir. Dövlətimiz bədən tərbiyəsi və idman sisteminin inkişafı istiqamətində əsas maliyyə xərclərini öz üzərinə götürür. Yeni infrastrukturlar yaranır, yeni idman kompleksləri, stadionlar tikilərək uşaqların və gənclərin istifadəsinə verilir.

Rizvan Rəsulov
Fəxri bədən tərbiyəsi və idman işçisi,
SSRİ idman ustası,
beynəlxalq dərəcəli hakim