Rabitəçilər Respublika Spartakiadasında qüvvələrini sınayırlar

Rabitəçilər Respublika Spartakiadasında qüvvələrini sınayırlar

Azərbaycanda rabitənin yaradılmasının 132 illiyinə həsr olunmuş «Sağlamlıq-2013» Respublika Spartakiadası davam edir.
Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» idman cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən spartakiada yarışlarında bölgələrdən olan idmançılarla yanaşı, rabitəçi veteranlar da iştirak edirlər. Yarış iştirakçıları idmanın atletika (kross), voleybol, mini futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma və güllə atıcılığı növlərində güclərini sınayırlar. 1200 rabitəçinin iştirak etdiyi yarışda «Aztelekom» İB, Bakı Telefon Rabitə İstehsalat Birliyi (BTRİB), «Teleradio» İB, «Azərpoçt» MMC, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM), Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Məlumat Hesablama Mərkəzi, «SİNAM» MMC, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci və digər qurumların komandaları mübarizə aparırlar.
Spartakiadada stolüstü tennis, kəndirdartma və atletika (kross) üzrə yarışları artıq başa çatıb. Stolüstü tennis üzrə keçirilən yarışda «Aztelekom» İB komandası birinci yeri tutub. Azərbaycan Texniki Universitetinin komandası ikinci, «Azərpoçt» MMC isə üçüncü yerlə kifayətlənib. Stolüstü tennis üzrə şəxsi yarışlarda isə Yusif Quluzadə («Aztelekom» İB) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rasim Vahabov («Teleradio» İB) ikinci, Əhməd Budaqov (BTRİB) isə üçüncü yerə layiq görülüb. Qadınların şəxsi yarışında isə Xəyalə Qiyasova («Aztelekom» İB) hamıdan güclü olub. «Azərpoçt» MMC-nin üzvü Şəfəq Nəcəfova ikinci, «Teleradio» İB-in təmsilçisi Tamara Əliheydərova isə üçüncü yeri tutublar. Kəndirdartma üzrə keçirilən yarışda Azərbaycan Texniki Universitetinin kollektivi birinci yerə layiq görülüb. Hərbiləşdirmə Mühafizə İdarəsi ikinci, «Aztelekom» İB komandası isə üçüncü yerə sahib çıxıb.
Spartakiadanın atletika növü üzrə təşkil olunan yarışlarında Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin komandası qalib olub. «Aztelekom» komandası ikinci, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kollektivi isə üçüncü yeri tutub. Atletika üzrə keçirilən şəxsi yarışda «Aztelekom» İB-in təmsilçiləri ilk üç pillədə qərarlaşıblar. Hakim İbrahimov I, Emin Əbilov II, Xətai Bağırov III cü yeri tutublar. Qadınların şəxsi yarışında isə Ədilə Məmmədli («Aztelekom» İB) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Pərvanə Həsənova (BTRİB) və Lalə Nağıyeva (Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşüblər.