Tamblinqçilərimizdən Böyük Britaniyada tarixi uğur

Tamblinqçilərimizdən Böyük Britaniyada tarixi uğur

Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatı Azərbaycan gimnastikasının növbəti uğuru ilə əlamətdar olub. Tamblinq üzrə təmsilçilərimiz yarışda iki tarixi uğura imza atıblar. Komandamıza ilk tarixi uğuru tamblinq üzrə kişilərdən ibarət Azərbaycan yığması qazandırıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovun yer aldığı millimiz ilk dəfə tamblinq üzrə dünya çempionatında komanda hesabında qızıl medala layiq görülüblər. Təsnifat mərhələsini 168.700 xalla birinci pillədə başa vuran təmsilçilərimiz finalda ev sahibi Böyük Britaniya ilə yanaşı, Danimarka, ABŞ və Portuqaliyanın tamblinq ustalarını geridə qoyaraq 13 xalla ən yüksək pillədə qərarlaşıblar.
Daha bir medal sevincini bizə komandamızın lideri, təcrübəli gimnastımız Mixail Malkin qazandırıb. 2021-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısı olan idmançımız finalda hakimlərdən 31.100 xal alaraq, ilk dəfə tamblinq üzrə birinci yeri tutmağa və dünya çempionu titulunu qazanmağa nail olub.
Təmsilçimiz Tofiq Əliyev medala çox yaxın olsa da, 24.700 xalla finalda dördüncü pillədə qərarlaşıb. Fərdi təsnifatda yarımfinala yüksələn Adil Hacızadə bu mərhələdə 5-ci yeri tutsa da, dünya çempionatında hər ölkədən iki idmançı finalda mübarizə aparmaq imkanı qazandığı üçün o, həlledici mərhələdə iştirak edə bilməyib.
Komandamızın üzvləri Tofiq Əliyev və Adil Hacızadənin dünya çempionatında debüt etmələrini nəzərə alsaq, onların çıxışlarını kifayət qədər uğurlu hesab etmək olar.
Batut gimnastikası üzrə yarışda ölkəmizi təmsil edən yığmamızın üzvü Selcan Mahsudova təəssüf ki, dünya çempionatında finala yüksələ bilməyib və 24-cü yeri tutub.