Uşaqlar bizim gələcəyimizdir. Çalışıb bu gələcəyi sağlam təməl üzərində formalaşdırmalıyıq. Bu işdə əvvəl ailə daha sonra cəmiyyət bilavasitə əsas rol oynayır. Sağlam ailə dəyərlərini uğurla mənimsəyən bir uşaq cəmiyyətin layiqli bir üzvünə çevrilir. Bu gün ölkəmizdə kifayət qədər istedadlı və sağlam düşüncəli gənclər yetişir. Hələ neçə-neçə uşaq və yeniyetmə özünü təsdiq etmək üçün fürsət və zaman gözləyir. “Olimpiya dünyası” qəzeti hər zaman istedadlı uşaq və gənclərlə bağlı yazılar hazırlayır, onların tanınmasında vasitəçi olur.
İstedadı, yüksək analitik bacarığı və intellekti ilə seçilən parlaq gələcəyinə böyük ümid bəslədiyimiz uşaqlardan biri olan Sona Əsgərova haqqında yazını çoxsaylı oxucularımıza təqdim edirik.
Haqqında yazmaq istədiyimiz 13 yaşlı yeniyetmə şahmatçı ilə söhbətimiz çox maraqlı alındı.
Onun arzusu həm şahmatda, həm də elm sahəsində böyük nailiyyətlər qazanmaqla doğma vətənimiz Azərbaycanın adını dünyada şöhrətləndirməkdir. 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər və İdman şahmat məktəbində şahmatın sirlərinə yiyələnən Sona eyni zamanda “Sıçrayış” komandasında basketbolla məşğul olur.
2010-cu il noyabr ayının 15-də Bakı şəhərində anadan olan Sona Əsgərova hazırda Bakıdakı Türkiyə Dəyanət Vəqfi Türk Liseyinin 7-ci sinif şagirdidir. Dərs əlaçısı olan Sona Əsgərova müxtəlif fənlər üzrə olimpiadalarda da uğurla iştirak edib.
Belə ki, o 5-ci sinifdə oxuyarkən dünya şöhrətli dahi alim Lütfi Zadə adına məntiq və riyaziyyat olimpiadasının final mərhələsinə vəsiqə əldə edərək, 2253 məktəbli arasında gümüş medal qazanıb. İkinci sinifdə oxuyarkən o, musiqi və şahmata böyük maraq göstərib. Şahmatda qısa müddət ərzində boyük nəticələr əldə edib və dərəcə normalarını yerinə yetirib. COVİD-19 pandemiyasından sonra onlayn dərslərə qoşulan Sona Əsgərova bir müddət şahmatla məşğuliyyətinə fasilə verib. Söhbət zamanı məlum oldu ki, o, lisey hazırlığına görə bu addımı atmalı olub. Liseyə daxil olmaq üçün imtahanları uğurla başa vuran Sonanı bu intellektual idman növünün cazibəsi yenidən özünə cəlb edib. Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər və İdman şahmat məktəbininin yetirməsi Bakı çempionatında qüvvəsini sınayıb. Paytaxtın ən yaxşı şahmatçılarının mübarizədə o, ikinci yerə layiq görülüb. Bundan başqa bir sıra yarışlarda öz bacarığını nümayiş etdirməyə müvəffəq olub. Bir vaxtlar peşəkar şahmatçı olmağı arzulayan Sona sonradan bunu hobbiyə çevirib.
“Əvvəl ən böyük arzum şahmatçı olmaq idi. Özümü qrossmeyster kimi görmək istəyirdim. Lakin dərk etdim ki, şahmat böyük maliyyə tələb edən sahədir. Uğurlu nəticələr üçün fərdi məşqlərə qoşulmalı və xaricə yollanmalısan. Bu isə ailəmin imkanları xaricindədir. Arzumu hobbiyə çevirmək qərarına gəldim. İndi gün ərzində ən azı 1 saatımı şahmata sərf edirəm. Bakıda keçirilən yarışları da birbaşa izləməyə çalışıram. Mən şahmata 8 yaşından başlamışam. Hesab edirəm ki, şahmata daha tez, 5-6 yaşından gəlməli idim. Şahmat çox yaxşı məşğuliyyətdir. O uşaqlarda səbr, düzgün qərar qəbul etmə və analitik təfəkkür formalaşdırır. Uşaq yaşlarımda məndə fikir yayınıqlığı var idi. Buna mən şahmatın vasitəsilə qalib gəldim. Yorğunlugumu şahmatla çıxarıram”, - deyə o bildirdi. Söhbət zamanı müsahibimiz öz ailə üzvlərindən də danışdı. Qeyd etdi ki, onlar ailədə 5 nəfərdir. Nənəsi Nübar xanım hazırda təqaüddə olan ibtidai sinif müəlliməsidir. Onların dərslərdə uğurlu nəticələr göstərmələrində nənələrinin xüsusi rolu var. Bu, indi də
davam edir. Anası Şəhla xanım Dövlət televiziyasında işləyir. Atası Vüqar Əsgərov isə bütün vaxtını onların məktəbə və məşqlərə yollanmasına sərf edir. Sona ilə söhbət zamanı öyrəndik ki, onun Zərif adlı əkiz bacısı da var.
“Zərif Pişəvəri adına Humanitar liseydə oxuyur. O da mənim kimi idmana böyük maraq göstərir. Hazırda basketbolla məşğul olur. Məqsədi yığma komandanın heyətində çıxış etməkdir. Əgər mən texniki fənlərə üstünlük verirəmsə, o,əksinə humanitar fənlərə diqqət yetirir. Biz basketbol yarışlarına baxmağı xoşlayırıq. Nənəmlə birlikdə “Sərhədçi” İdman Mərkəzində ölkə çempionatlarının oyunlarını izləyirik.
Şahmatla yanaşı basketbol və həndbolu da çox sevirəm. Həndbol da oynamışam. Sosial şəbəkələrdə və youtube platformasında bu idman növlərini və idmançıları izləyirik. Ən izlənilən idmançı isə bizim üçün NBA-da “Qolden Steyt Uariorz”un basketbolçusu Stefan Karridir. Şahmatçılardan Erik Roseniu bəyənirəm. Mənim oyun tərzim bu şahmatçı ilə üst-üstə düşür”.
Sona Əsgərova yaşının az olmasına baxmayaraq, özünü hərtərfli inkişaf etdirməyə çalışır. Rus, ingilis və ivrit dilini öyrənir. İvrit dilini öyrənməkdə ona nənəsi Nübar xanım kömək edir. Bundan başqa o, müxtəlif mövzularda yazıların da müəllifldir. “Yazılarımda fərqli mövzulara müraciət edirəm. Daha çox bənzətmələri xoşlayıram. Məsələn, yazılarımdan birində şahmatı bizneslə qarşılaşdırmışam. Siyasi və sosial mövzular diqqətimi çəkir. Musiqini sevirəm, özüm də replər yazıram. Pianoda ifa edirəm. Ətrafımda olanlar bu bacarığımı da bəyənirlər”, - deyə Sona Əsgərova bildirdi.
Sonda “Olimpiya dünyası” qəzeti olaraq həmsöhbətimizə və onun timsalında bütün istedadlı yeniyetmələrimizə uğurlar diləyir, onların gələcəyinin daha parlaq olmasını arzulayırıq.
Anar Əhmədov