Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində “Heydər Əliyev” ilinə həsr olunan 11 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə açıq birincilik keçirilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF), Qarabağ Regional Gənclər və İdman İdarəsi və Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Almaniya və Qazaxıstanı təmsil edən 45 klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 442 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Turnirdə qızlar və oğlanlar arasında 12 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.
Yarışların son nəticəsinə əsasən ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Şuşa Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ikinci, "Hədəf" İdman Klubu İctimai Birliyinin komandası isə üçüncü yeri tutub. Yarışda iştirak edən 23 komanda müxtəlif əyarlı medal qazanıb.
Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.