Beynəlxalq Cüdo Federasiyası Akademiyasının idman direktoru Daniel Laskaunun təqdimatında Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri üçün seminar təşkil olunub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, tədbirdə qiymətləndirmə meyarları, video-təkrar (VAR) sisteminin tətbiqi və mübahisəli epizodların düzgün şərhi ətrafında geniş müzakirələr aparılıb.
Daniel Laskau çıxışında beynəlxalq turnirlərdə hakimliyin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, milli federasiyalarda təşkil olunan bu cür maarifləndirici seminarlar hakimlərin peşəkar inkişafında mühüm rol oynayır. O, interaktiv təqdimatlar və praktiki nümunələr vasitəsilə iştirakçıların suallarını cavablandırıb, real yarış situasiyaları üzərində təhlillər aparıb.
Seminarda respublika dərəcəli və beynəlxalq kateqoriyalı hakimlər iştirak ediblər. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Məşğələnin əsas məqsədi hakimlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, beynəlxalq qaydalardakı son yeniliklərin izahı və yarışların idarə olunmasında vahid yanaşmanın təmin edilməsi olub.


