«NEFTÇİ» İSM-in idman xronikası

«NEFTÇİ» İSM-in idman xronikası

do

"Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən cüdo üzrə respublika çempionatına yekun vurulub. Qadınlar və kişilər arasında təşkil olunan yarışda 42 komandanın tərkibində 358 cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi” İdman-Sağlamlıq Mərkəzinin təmsilçiləri çempionatda inamla çıxış edərək 19 medal (9 qızıl, 5 gümüş, 5 bürünc) qazanıblar və ümumkomanda hesabında 1-ci yeri tutublar. Çempionatda sensasiyanı isə 1997-ci il təvəllüdlü idmançımız, bu il yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov (66 kq) edib. Belə ki, mərkəzin yetirməsi kişilər arasında respublika çempionatının finalında Avropa çempionatının gümüş mükafatçısı, London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısı Tərlan Kərimov üzərində parlaq qələbə qazanıb. Bu da tribunaların istedadlı yeniyetmə cüdoçunu ayaq üstə alqışlamasına səbəb olub.
Hidayət Heydərovla yanaşı, digər cüdoçularımız Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (73 kq), Rüstəm Alimli (81 kq), Ramin Qurbanov (90 kq) və Elmar Qasımov (100 kq) da ölkə çempionluğunu bayram ediblər. Zərif cinsin nümayəndələrindən isə Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq) və Ramilə Yusubova (70 kq) eyni uğura imza atıblar.
Qeyd edək ki, "Neftçi” İSM-in icraçı direktorunun idman və sağlamlıq məsələləri üzrə müavini, beynəlxalq dərəcəli hakim Elmar Babanlı çempionatın baş hakiminin müavini kimi birinci tatamiyə rəhbərlik edib.

Sambo
Şağan Olimpiya İdman Kompleksində gənclər arasında (1993-1996) sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. "Neftçi” İSM-in gənc samboçuları da birincilikdə qüvvələrini sınayıblar.
İdmançılarımız 8-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla paytaxt yarışının 14 medalına yiyələniblər. Onlardan Nicat Vəliyev (52 kq), Ceyhun Vəliyev (57 kq), Elton Quliyev (62 kq), Yusif Nəbiyev (68 kq), Elmin Əliyev (74 kq), Nizaməddin Orucov (82 kq), Nadir Hüseynov (100 kq) və Emil Yaqubov (+100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Tofiq Ataxanoğlu,
"Neftçi” İSM-in mətbuat xidmətinin rəhbəri,
əməkdar jurnalist