Ölkəmizdə UIAA-nın gənclər komissiyasının toplantısı keçiriləcək

Ölkəmizdə UIAA-nın gənclər komissiyasının toplantısı keçiriləcək

Noyabrın 16-da Azərbaycanda Beynəlxalq alpinizm və qayayadırmanma federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı keçiriləcək. Görüşdə Azərbaycan, İsveçrə, Böyük Britaniya, İtaliya, Almaniya, Ukrayna, Rusiya, Makedoniya və Monqolustanın alpinizm federasiyalarının nümayəndələri iştirak edəcək.
Toplantı zamanı UIAA-nın Gənclər komissiyasının rəyasət heyəti, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun rəhbərliyi altında 2013-cü ilin yekunları ilə bağlı müzakirələr aparacaq və 2014-cü il üçün iş planı və il ərzində keçiriləcək beynəlxalq tədbirlərin təqvim planı hazırlanacaqdır.
Qeyd edək ki, UIAA-nın Gənclər komissiyası alpinizm və qayayadırmanmanın dünyanın 90-dan çox ölkəsində inkişafı və təbliği ilə məşğuldur. Komissiyanın fəaliyyəti Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Idman Federasiyalarının Assosiasiyası (ARISF) tərəfindən dəstəklənir. Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu 2012-ci ilin oktyabrında komissiyanın rəhbəri seçilib.