Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib. Qadınlar arasında üç, kişilərin mübarizəsində isə bir qarşılaşma təşkil olunub. Günün ilk matçında “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası"nı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə başlayan görüşdə qonaqlar ikinci setdə qalib gəlməklə ümumi hesabı bərabərləşdiriblər. Lakin “Gəncə” növbəti hissələri aktivinə yazdırmaqla meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.
Turun digər qarşılaşması Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Abşeron” və “Murov” klubları arasında olub. Gərgin mübarizədə keçən matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.
Qadınların mübarizəsində növbəti görüş UNEC-lə “Azərreyl” arasında baş tutub. UNEC-in idman zalında keçirilən oyunda “dəmiryolçular" rəqibini 3:0 hesabı ilə məğlub ediblər.
Kişilərin çempionatında isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları qarşılaşıb Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən matçda Şuşa təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, qadınlar arasında Yüksək Liqada turnir cədvəlinə hərəyə 15 xalı olan “Abşeron” və “Azərreyl” klubları başçılıq edirlər. Hərəyə 9 xal toplayan “Murov Az Terminal” və “Gəncə” 3-4-cü yerləri bölüşürlər. “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan “UNEC” isə sonuncu pillədədir.
Kişilər arasında ölkə çempionatında isə xallarını 13-ə çatdıran “Xarı Bülbül Şuşa” liderliyi ələ keçirib. “Azərreyl” 11 xalla 2-ci, “Murov Az Terminal” 10 xalla 3-cüdür. “Neftçi” və “Xarı Bülbül Laçın” komandaları hərəyə 4 xalla 4-5-ci sıralarda qərarlaşıblar. Xalı olmayan MOİK isə altıncı yerdədir.
Yüksək Liqa (qadınlar)
“Gəncə” - “Milli Aviasiya Akademiyası” - 3:1 (25:16, 22:25, 25:11, 25:10)
“Abşeron” - “Murov Az Terminal” - 3:1 (25:20, 25:12, 22:25, 26:24)
UNEC - “Azərreyl” - 0:3 (12:25, 16:25, 17:25)
Yüksək Liqa (kişilər)
“Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın” - 3:1 (25:18, 19:25, 25:22, 25:22)