Pəhləvanlarımız "Qızıl Qran Pri" turnirinə hazırlaşırlar

Noyabrın 22-24-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Pəhləvanlarımız 6-cı dəfə təşkil olunacaq bu turnirə ciddi hazırlaşırlar.
Qadın güləşçilərimiz baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev, məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi altında yarış öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində davam etdirirlər.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev qadın güləşi üzrə yığma komandanın heyəti və məşqçilər korpusu ilə görüşüb. Federasiya rəsmisi komandamızın hazırlıq prosesinin gedişi ilə tanış olub. İdmançıların vəziyyəti ilə maraqlanan vitse-prezident pəhləvanların sağlamlıqlarına da ciddi diqqət yetirmələrinin vacibliyini bildirib.
Baş məşqçi Yaqub Məmmədov komandanın əsas üzvlərindən bəzilərinin üzürlü səbəbdən məşqlərə qatılmadıqlarını, lakin buna baxmayaraq digər güləşçilərin ciddi hazırlıq prosesi keçdiyini bildirib:
"Hər bir məşqçinin istəyi odur ki, komandası qatıldığı yarışlarda yüksək nəticə əldə etsin. Aparıcı idmançılarımızın yoxluğunda ehtiyat qüvvəmizi sınaqdan keçirəcəyik. Bir neçə gün bundan əvvəl Moskvada keçirilən Avropa kuboku yarışlarında da əsas heyətdən 3 idmançı iştirak edirdi. Digərləri isə gənc güləşçilər idi. Hesab edirəm ki, bu yarışlarda iştirak onların təcrübələrini artırmaq baxımdan da əhəmiyyətlidir. Bununla yanaşı, bəzi güləşçilərimizə, xüsusən, Yuliya Ratkeviç, İrina Netreba, Gözəl Zutova, Natalya Palamarçuka ümidlərimiz böyükdür”.
Məlumat üçün qeyd edək ki, qadın güləşçilərimiz "Qızıl Qran Pri" yarışlarının final mərhələsinə noyabrın 23-də başlayacaqlar.