Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. Qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. 3 gün davam edən yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb.
Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -73 kq, -100 kq və +100 kq çəki dərəcələrində, qadınlar arasında isə -57 kq, -78 kq və +78 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə “Atilla” İdman Klubu birinci yerə layiq görülüb. “Neftçi” İdman Klubu ikinci, “Judo Club 2012” klubu isə üçüncü yerə sahib çıxıb. Yarışda ümumilikdə 22 komanda müxtəlif əyarlı medal qazanıb.